Vaxt.Az

Rusiyanın caynaqları ...


 

Münasibətləri hər gün soyutmaq, azaltmaq lazımdır

Rusiyanın caynaqları ... Bəzi ekspertlərin çıxışlarından belə anlaşılır ki, avqustun sonunda Rusiyanın Ukraynadakı məğlubiyyətinin tam ifşası ilə hakimiyyət dəyişikliyi və bu hakimiyyət dəyişikliyi ilə də Azərbaycana münasibətin dəyişəcəyi gözləntiləri var. Görünür, kimlərsə ABŞ-la Rusiyanın regiona və ölkəmizə yanaşmalarındakı konseptual fərqi bir yana qoyub hakimiyyət dəyişikliyi üzərindən assosiasiya yaradarkən necə bir yanlış etdiklərini və bu yanlışın nə kimi nəticələr doğura biləcəyini düşünməyə həvəsli deyillər. Halbuki, bizim Rusiya ilə acı siyasi təcrübəmiz göstərib ki, orada hakimiyyətə daha "ütülü" və ya daha "liberal" adamların gəlməsi Azərbaycana təzyiq və təhdidləri azaltmayıb, əksinə, beynəlxalq səviyyədə "yumşaq" imiclə əllərini daha rahat etdiyindən təhdidlərini gerçəkləşdirmək də asan olub. Qorbaçovun 20 yanvar, Yeltsinin Xocalı faciələrinə imza atmaları buna sübutdur. Bir şeyi anlamalıyıq ki, Rusiyanın bir millət, bir dövlət, bir imperiya olaraq bütün bu müstəvilərdə varlıq məsələsində özünə 3 böyük düşmən görür və bu 3 düşməni ilə varlığı uğrunda mübarizə aparır.

Bunlardan birincisi millət olaraq varlıq davası apardığı ukraynalılar, ikincisi Xəzər mirasına sahibləndiyi üçün indiyədək nifrət püskürdükləri xəzərlər və onların hazırda dünyada ən güclü törəmələri olan aşkenaz yəhudiləri, üçüncüsü isə torpaqları üzərində imperiya qurduğu türklər və bu türklərin darvazası, flaqmanı olan Azərbaycandır. Nə qədər ki, Rusiya var, onun bu 3 millətlə düşmənçiliyi və varlıq mübarizəsi olacaq.

O zaman sual yaranır ki, biz nə etməliyik?

Hazırkı vəziyyətdə bizim edəcəyimiz iki iş var: münasibətləri hər gün soyutmaq, azaltmaq. İqtisadi, siyasi, mədəni sferaların hamısında asılılıqları və əlaqələri getdikcə minimuma endirmək, eyni zamanda regionda Rusiya ilə Qərb bloku (təbii ki, Türkiyə daxil və Türkiyə öncüllüyü ilə) arasındakı güc balansını sürətlə ikincinin xeyrinə dəyişməyə və bu yolla da öz hərbi-siyasi təhlükəsizliyimizi möhkəmləndirməyə nail olmaq.

Nə vaxtsa Qərbin regionda marağı və bizə dəstəyi azalarsa, bunu Türkiyə ilə daha çox bağlanmaqla kompensasiya etməli olacağıq. Anlamalıyıq ki, Rusiyadan maksimum uzaq olmaq bizim təhlükəsizliyimiz üçün əsas geosiyasi şərtdir.

Bir gün Rusiyanın fiziki olaraq da sərhədlərimizdən uzaqlaşması fürsəti yaranacaq və bu fürsəti də vaxtı çatanda düzgün dəyərləndirməliyik. Qafqazın şimalında yaranacaq bufer zonası bizim Rusiya təhdidindən xeyli dərəcədə azad olmamızın təsdiqi olacaq və bu zonadakı dövlətlərin müstəqilliyinin müdafiəsi daimi olaraq bizim əsas geosiyasi vəzifəmiz olacaq.

İndi isə avqustun sonunu gözləmək proseslərin hazırkı sürətində siyasi təmkinlik deyil, riskləri artırmaqdır. Vaxt itirmək olmaz. Yanılmaq və təhlükəli ümidlər bəsləmək, özümüzü aldadıb yeni gələcək yeltsinlərin, qobaçovların qurbanına çevrilmək qətiyyən olmaz.  Qarşıda bir yol var. Ölkədən Rusiyanın caynaqlarını qopartmaq, Qərbi arxamıza almaq, cəsarətli olmaq və üzü Qərbə getmək.


 





26.07.2025    çap et  çap et