Əsas sual odur ki, “ikinci” Əsrin Müqaviləsinə qarşı Rusiyanın gedişləri nə ola bilər? Moskvanın əks-həmlələri işə yarayacaqmı, yoxsa 90-cı illərdə olduğu kimi son nəticəni dəyişməyəcəkmi?
Bizim psixologiyamızda Moskva elə bir imic formalaşdırıb ki, hətta geri çəkilməyə məcbur olanda və ya ən zəif anında belə, Rusiyanın öz maraqlarını təmin edəcək bir planının olduğunu düşünürük. Bu baxımdan, Moskva haqqındakı bu təsəvvürümüz hiyləgərliyi ilə tarixdə iz buraxan, çətinlikləri fürsətə çevirən, fürsətləri ilə xüsusi ustalıqla istismar etməyi bacaran fransız diplomat Taleyranın ölümünə dair dildən-dilə dolaşan məşhur frazanı xatırladır: “Taleyran ölübmü? Görəsən, onun ölməkdə məqsədi nədir?”.
Bəli, Rusiyanın regionda zəiflədiyi bir reallıqdır, amma Moskvanı tamamilə Cənubi Qafqazın güc balansından silmək üçün tələsmək lazım deyil. Rusiyanın Ermənistan və Gürcüstan ərazisində qoşunları, Xəzər dənizində isə donanması öz mövcudluğunu qoruyur. Cənubi Qafqazdakı gedişata təsir edəcək əsas faktor Ukrayna cəbhəsidir. Məlum olduğu kimi, Ukrayna müharibəsi ərəfəsində, 2021-ci ilin dekabr ayında Rusiya Xarici İşlər Nazirliyi ultimatum yayımlayaraq, NATO-nun Ukrayna ilə yanaşı, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı hərbi fəaliyyətlərini də dayandırması və ABŞ-ın keçmiş SSRİ ölkələri ilə hərbi əməkdaşlığı sonlandırmasını tələb etmişdi. Yəni, Cənubi Qafqaz regionu Ukraynada gedən böyük müharibənin predmetidir. ABŞ-ın Cənubi Qafqaza qoşun yerləşdirməsini də məhz ultimatumda göstərildiyi kimi, Ukrayna cəbhəsindəki reallıqlar müəyyən edəcək.