Vaxt.Az

İsraildən Fransaya sərt mesaj


 

“Paris küçələrində təhlükəsizliyi qoruya bilərsinizmi?”

İsraildən Fransaya sərt mesaj Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanıyacaqlarına dair açıqlaması İsraildə qəzəblə qarşılanıb. İsrail Xarici İşlər naziri Gideon Saar Fransaya yönəlik qeyri-adi sərt və açıq təhdidə oxşar açıqlama verib. “Ümid edirik ki, Paris küçələrində təhlükəsizliyi qoruya biləcəksiniz”, – deyə Saar bildirib.

Vaxt.az xəbər verir ki, Emmanuel Makron bu ilin sentyabrında BMT Baş Assambleyasında çıxış edərək, Fransanın rəsmi şəkildə Fələstin dövlətini tanıyacağını bəyan edəcəyini bildirib.

Prezident Makron həmçinin bildirib ki, Fələstin dövlətinin mövcudluğu Orta Şərqdə sülhün yeganə yolu olaraq qalır.

 

İsraildən sərt reaksiya və ittihamlar

 

Makronun qərarı Tel-Əvivdə ciddi narahatlıq doğurub. İsrailin Xarici İşlər naziri Gideon Saar, özünün “X” sosial şəbəkəsində (əvvəlki Twitter) paylaşdığı bəyanatla Makronu sərt tənqid edib və onun təşəbbüsünü “gülünc və ciddi olmayan” addım adlandırıb:

“Makronun bu axşamkı çıxışı onun bir neçə həftə əvvəl özü qoyduğu şərtləri heçə endirdiyini göstərir. Geri qalan isə yalnız onun qurmaq istədiyi xəyali dövlətdir. O dövlət, 20 il əvvəl İsrailin Qəzzadan geri çəkilməsi nəticəsində formalaşan HƏMAS dövləti olacaq”, – deyə Saar bildirib.

Nazirin ən diqqətçəkən fikri isə Fransa üçün dolayısı təhlükə mesajı olub: “Makron İsrailin təhlükəsizliyini qoruya bilməz. Ümid edirik ki, Paris küçələrində təhlükəsizliyi qoruya bilər.”

 

Makron Abbasla məktub diplomatiyasına başlayıb

 

Fransa Prezidenti bu qərarı Fələstin lideri Mahmud Abbasa da yazılı şəkildə çatdırıb. Məlumata görə, məktubun surətini Makron özünün “X” hesabında paylaşaraq ictimailəşdirib.

Makronun bu jestinin, Avropa Birliyinin digər ölkələrini də eyni addımı atmağa təşviq etmək məqsədi daşıdığı bildirilir.

 

Fələstini tanıyan ölkələrin sayı 147-yə çatıb

 

Qəzzaya qarşı 7 oktyabr 2023-cü ildən başlayan İsrail hücumlarının ardından İspaniya, Norveç, İrlandiya, Sloveniya və Ermənistan Fələstin dövlətini tanıdı. Beləliklə, Fələstini tanıyan ölkələrin sayı 147-yə çatdı.

Hələ də tanımayan əsas ölkələr arasında Almaniya, ABŞ, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya və Hollandiya kimi dövlətlər var.

Fransa bu qərarı gerçəkləşdirsə, həm BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də G7 ölkələri arasında Fələstini tanıyan ilk ölkə olacaq.

BMT Təhlükəsizlik Şurasının digər iki daimi üzvü – Rusiya və Çin 1988-ci ildə Fələstini tanımışdı.

 





26.07.2025    çap et  çap et