Amma sual yaranır: Belə bir nəhəng layihənin icraçısı özünü bütün ustanların (əyalətlərin) dövləti və sistemi hesab edirsə, niyə bu iradəni – quruculuq, sərmayə qoyuluşu və inkişafı bir kənara qoysaq da – daha təhlükəli və faciəli böhranların idarə olunmasında göstərmir? Su çatışmazlığı elə bir fəlakətdir ki, BMT hər il mütəmadi olaraq hesabatlar dərc edir və əlaqədar dövlətləri məlumatlandırır. Bu hesabatlara görə İranın coğrafiyası quraqlıq və su qıtlığı baxımından dünyanın ən faciəli bölgələrindən biridir və mütəxəssislərin proqnozlarına görə 2030-cu ildən sonra – yəni beş ildən sonra – yaşayış üçün yararsız olacaq. Amma artıq əhalinin uzun su növbələrini görərək proqnozlar gözləniləndən tez həyata keçmişdir.
Mütəxəssislərin İran dövlətinə digər bir xəbərdarlığı Urmiya gölü ilə bağlı olub. Uzun illərdir İran hökumətini xəbərdar edirlər ki, Urmiya gölü quruyarsa, onun duzlu yatağından qalxan duz fırtınaları ətrafda yaşayan milyonlarla insanın həyatını təhdid edəcəkdir. Bu hal milyonlarla insanın köçməsinə səbəb olacaq və bu böhran qonşu ölkələr də daxil olmaqla bir çox ölkəyə ciddi çətinliklər yaradacaq. Çünki gölün qurumasından sonra bu coğrafiyada həyat mümkün olmayacaq. Hətta insaniyyət adına, Urmu gölünü yenidən canlandırmaq üçün Yaponiya və BMT kimi qurumlardan milyonlarla dollar yardım edilib. Amma Oman dənizindən su daşıma layihəsini iki ildə uğurla bitirən dövlət, illərdir Urmiya gölünün bərpası ilə bağlı xarici yardımlara baxmayaraq, yalnız boş şüarlar və xərmənbaşı vədlər verib. Məsələnin görünən tərəfi məsul şəxslərin ürzəsizliyidir, lakin görünməyən tərəfdə yuxarıdan gələn əmrlərə itaətsizlik qorxusu və sərbəst tabeçilik gizlənir — bu, onların sözlərindən asanlıqla hiss olunur.
Qərbi Azərbaycan ustandarı, Rza Rəhmani bunu çox açıq şəkildə ifadə edibdir: “Urmiya gölü sistemə və dövlətə zərbə vurmaq üçün alətə çevrilməməlidir”. Bu ifadə göstərir ki, sistemin mövcudluğu milyonlarla insanın həyatından daha önəmlidir və onu qorumaq, nə bahasına olursa olsun, vacibdir – hətta bu sistemin yanlış siyasətləri və qeyri-peşəkarlığı nəticəsində milyonlarla insan fədakarlıqla həyatını itirsə belə! Azərbaycanın təbiəti məhv edildikdən sonra, Azərbaycan xalqı tamamilə köçmək və ölümlə üz-üzə qalsa, olmaya İran dövləti Bərəhut çölünə hakimlik edəcək? Əgər bir dövlət bir millətin məhv olmasını önəmli saymırsa, o dövlətin bu bölgədə hakimlik etməsinin hansı haqqı qalır? Belə bir dövlətin işğalçıdan və düşməndən fərqi nədir?
Prezident son günlərdə səlahiyyət və gücünü rəsmi biçimdə sənədli olaraq ustandarların ixtiyarına buraxdıqdan sonra, necə ki Sistan və Bəlucistan valisi cəsarətli tədbirləri ilə öz vilayətindəki problemləri həll etmək üçün müsbət addımlar atdı, Qərbi Azərbaycanın indiki ustandarı da ona verilmiş bu qısa fürsəti müsbət dəyərləndirə bilər. Urmiya gölünün bərpasının ən ağıllı və sürətli yolu – birinci mərhələdə ona tökülən çaylar üzərindəki bütün bəndlərin açılmasıdır. Şübhəsiz ki, məsafə baxımından bu layihənin xərci İsfahan layihəsindən qat-qat aşağı olacaq. İkinci mərhələ isə Azərbaycan Respublikası və Türkiyədən yardım istəməkdir. Onların öz ölkələrində nəhəng layihələr həyata keçirtməkdə çox yaxşı təcrübələrinin fəxr ediləsi sabiqələrinə dayanaraq, bu gölü bir ildən daha az bir müddətdə bərpa edə bilərlər. Bu cəsarətli addım vasitəsilə qərbi Güney Azərbaycan valisi milyonlarla insanın ölümdən və köçkünlükdən qurtulmasına səbəb ola bilər və adını Azərbaycan tarixində bir qəhrəman kimi əbədiləşdirə bilər.
Əks halda, Azərbaycan millətinin belə bir hakimiyyətə qarşı tək çarəsi açıqdır. Urmiya gölünün hər hansı məqsədlə məhv edilməsi beynəlxalq hüquqda “ekosid” (ekoloji soyqırım) kimi tanınır və bu millət, öz taleyini müəyyənləşdirmək və gələcəyini seçmək hüququnu, BMT-nin Yerli Xalqların Hüquqları Bəyannaməsi çərçivəsində və ekoloji cinayətlərlə bağlı yeni beynəlxalq mexanizmlərə əsaslanaraq, sağlam mühitdə yaşamaq haqqının qorunması ilə birlikdə, beynəlxalq təşkilatlara müraciət edərək təmin etməyə haqq sahibidir. BMT-nin İnsan Hüquqları Paktına (1976) əsasən:
Maddə 1
1. Bütün xalqlar öz taleyini müəyyənləşdirmək hüququna malikdirlər. Bu hüquq sayəsində onlar siyasi statuslarını azad şəkildə seçir və iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkildə həyata keçirirlər.
2. Bütün xalqlar öz ehtiyacları üçün təbii sərvətlərini beynəlxalq iqtisadi əməkdaşlıqlardan azad şəkildə, qarşılıqlı fayda və beynəlxalq hüquq prinsipləri əsasında idarə edə bilərlər. Heç kim yaşayışdan məhrum edilə bilməz.
Əgər bir dövlətin hakimiyyətə gətirilməsində əsas rol oynayan Azərbaycan millətinin fədakarlığına qarşı həmin dövlət öz borcunu yerinə yetirə bilmirsə, bu zaman Azərbaycan milləti beynəlxalq insan hüquqları paktlarına (ICCPR və ICESCR) əsaslanaraq pozulan hüquqlarını müdafiə etmək və onları təmin etmək üçün beynəlxalq səviyyədə mübarizə aparmağı öz aydın və doğma haqqı bilərək əməl meydanına girməyi də öz haqqı bilir.