Vaxt.Az

Maskın “Starlink oyunu” ifşa olundu


 

Ukrayna ordusu çökə bilərdi

Maskın “Starlink oyunu” ifşa olundu “SpaceX” şirkətinin rəhbəri İlon Maskın Ukrayna ordusunun əməliyyatları zamanı “Starlink” peyk internet sistemini bağladığı iddia olunur.

“Reuters” agentliyinin istinad etdiyi mənbələrə görə, 2022-ci ilin sentyabr ayında Ukraynanın Xerson bölgəsini azad etmək üçün keçirdiyi əks-hücum zamanı Starlink sistemləri qəfil söndürülüb, bu isə ordunun pilotsuz uçuş aparatları (PUA) və artilleriya koordinasiyasını iflic edib.

Mənbələr bildirir ki, bu qərarın arxasında Maskın Rusiyanın mümkün nüvə cavabından narahatlığı dayanırmış. O, həmin günlərdə ABŞ-ın keçmiş prezidenti Co Baydenin yaxın çevrəsi ilə də görüşlər keçirib.

 

“Ukrayna ordusunun onurğası mənim sistemimdir”

 

Ukraynalı hərbi mütəxəssislər təsdiqləyir ki, Xerson istiqamətində hücum zamanı əlaqə birdən-birə kəsilib. “Aerorozvidka” şirkətindən PUA üzrə ekspert Marina Çirkun deyir: “Qoşunlar irəliləməyə başlayanda sistem birdən susdu. Sonra bir neçə gün “Starlink” işləmədi”.

İlon Mask bu məsələyə mart ayında “X” platformasında (əvvəlki Twitter) verdiyi açıqlamada belə reaksiya verib: “Ukrayna ordusunun onurğası mənim “Starlink” sistemimdir. Mən onu bağladığım anda cəbhə çökmüş olar”.

Hazırda Ukraynada 50 mindən çox Starlink terminalı var, onların yarıya yaxını Polşa tərəfindən təmin edilib.

 

Mübahisəli rol: “Starlink” hücum üçün istifadə edilə bilməz

 

“SpaceX” 2023-cü ildə bəyanat yayaraq bildirmişdi ki, “Starlink” sistemləri hücum məqsədilə istifadə olunmamalıdır. Bu səbəbdən coğrafi məhdudiyyətlər tətbiq edildiyi də açıqlanmışdı. Lakin Ukrayna tərəfi sistemdən PUA əməliyyatları, kəşfiyyat və cəbhə rabitəsi üçün geniş istifadə etdiyini gizlətmir.

Kiyev rəsmiləri artıq “Starlink”ə alternativ axtarışına başlayıb. Adı açıqlanmayan bir Ukrayna rəsmisi deyib: “Bu zaman və resurs tələb edir”.

Bu həftə “Starlink” sistemində qlobal miqyasda kəsinti baş verib. “SpaceX” problemi proqram təminatı ilə bağlı texniki nasazlıq kimi izah edib və problemin aradan qaldırıldığını açıqlayıb. İlon Mask istifadəçilərdən üzr istəyib.

 





26.07.2025    çap et  çap et