Vaxt.az xəbər verir ki, əgər plan həyata keçərsə, uçuş sinfi və marşruta bağlı olaraq bilet qiymətlərində artım olacaq. Avropa daxilində və ya qısa məsafəli uçuşlarda ekonom sinif sərnişinləri 10 avro, biznes sinif sərnişinləri isə 20 avro əlavə ödəniş edəcək. Uzun məsafəli uçuşlarda isə bu məbləğ ekonom sinif üçün 30 avro, biznes sinif üçün 120 avroya qədər qalxa bilər. Xüsusi təyyarələrlə uçan sərnişinlər üçün isə adambaşına minlərlə avroya çatan yüksək vergilər nəzərdə tutulur.
Təyyarə ilə səyahət, ətraf mühitə ən çox zərər vuran nəqliyyat vasitələrindən biri olmasına baxmayaraq, nisbətən ucuz olaraq qalmağa davam edir. Bunun əsas səbəbi, təyyarə yanacağı olan kerosinə (kerosen) dünya miqyasında demək olar ki, heç bir verginin tətbiq olunmamasıdır. Halbuki aviasiya sektoru dünya üzrə karbon emissiyalarının 2 faizindən çoxunu təşkil edir. Lakin bu emissiyaların böyük əksəriyyətinə dünya əhalisinin yalnız kiçik bir hissəsi səbəb olur.
Yeni vergi “çirkləndirən ödəyər” prinsipinə əsaslanır. Toplanacaq gəlirin quraqlıq, daşqın və isti hava dalğaları kimi iqlim böhranından ən çox təsirlənən inkişaf etməkdə olan ölkələrə yönləndirilməsi planlaşdırılır.
Tənzimləmənin dəqiq nə vaxt tətbiq olunacağı hələ bəlli deyil. Planlar 2025-ci ilin noyabrında Braziliyada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Zirvəsində (COP30) masaya yatırılacaq. Fransa, Keniya və Barbados kimi ölkələr təklifə dəstək verdiklərini açıqlayıblar. Avropa İttifaqı daxilində də məsələ müzakirə olunur. Fransa isə hal-hazırda daha yüksək uçuş vergiləri tətbiq etməyə başlayıb.
Hollandiyanın bu tənzimləməyə qoşulub-qoşulmayacağı hələ dəqiq deyil. Ancaq qarşıdakı bir neçə il ərzində bənzər bir verginin təyyarə biletlərinə əks olunması ehtimalı yüksək görünür.
Oxfam və Greenpeace-in 13 ölkədə apardığı sorğulara görə, əhalinin dörddə üçü xüsusilə varlı və tez-tez uçan sərnişinlərə yönəlmiş belə bir vergi tətbiqini dəstəkləyir. İştirakçıların 80 faizi isə neft və qaz şirkətlərinin daha yüksək vergiyə cəlb edilməli olduğunu düşünür.