2020-ci ildə Nobel mükafatı alan alimlər – Harvi J. Alter (ABŞ), Maykl Houton (Birləşmiş Krallıq) və Çarlz M. Rays (ABŞ) – sayəsində bu gün “Hepatit C” müalicə edilə bilir. Bəs “Hepatit C” nədir və digər növlərdən nə ilə fərqlənir? Hansı hepatit növlərinə qarşı peyvənd mövcuddur?
28 iyul – Dünya Hepatitlə Mübarizə Günü münasibətilə hepatit növləri haqda əsas məlumatları təqdim edirik.
“Hepatit A”
“Hepatit A” – eyni adlı virusun səbəb olduğu və qaraciyər iltihabına yol açan xəstəlikdir. Bu virus xroniki hal almır və əksər hallarda öz-özünə sağalır. Bulaşma yolu əsasən çirkli su, çirklənmiş qida məhsulları və ya nəcislə-ağız (fekal-oral) təması vasitəsilə olur.
Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, hər il dünyada təxminən 100 milyon insan bu virusa yoluxur, lakin yalnız 1,5 milyona yaxın insanda simptomlar müşahidə olunur. Xüsusilə gigiyenik şəraiti zəif olan ölkələrdə geniş yayılıb və tez-tez turistlər tərəfindən "səyahət hepatiti" kimi yayılır. “Hepatit A”ya qarşı effektiv peyvənd mövcuddur.
“Hepatit B”
“Hepatit B” – ölümcül ola bilən bir virus infeksiyasıdır. Bu virusa qarşı da peyvənd mövcuddur. DST 2017-ci ildə bütün ölkələrə yeni doğulan körpələrin peyvənd olunmasını tövsiyə edib.
Hazırda dünyada 254 milyon insan xroniki “Hepatit B” virusu daşıyır və bu xəstəlik səbəbindən hər il təqribən 820 min insan həyatını itirir.
Virus, yoluxmuş şəxsin qanı və ya bədən mayeləri ilə təmas zamanı keçir. Hepatit B xroniki qaraciyər iltihabına, siroza və xərçəngə səbəb ola bilər.
“Hepatit C”
“Hepatit C” xəstəliyi yüngül formadan ağır və ya xroniki formaya keçə bilir və qaraciyər sirozu ilə xərçəng riskini artırır. Bir çox insan bu virusun daşıyıcısı olduğunu bilmir. Əsasən qan vasitəsilə yoluxur.
Virus 1988-ci ildə aşkar edilərkən əvvəlcə "Non-A, Non-B" virusu kimi tanınırdı. O dövrdə analizlər mövcud olmadığından bir çox insan qan köçürülməsi nəticəsində yoluxub. İynə paylaşımı da əsas ötürülmə yollarından biridir.
DST-nin məlumatına görə, hazırda 50 milyon insan “Hepatit C” virusu daşıyır və hər il 240 min insan bu səbəbdən və ya əlaqəli xəstəliklərdən vəfat edir.
Bu virusa qarşı hələ peyvənd yoxdur. Lakin son illərdə antiviral dərman kokteylləri ilə effektiv müalicə üsulları inkişaf etdirilib. Təəssüf ki, bu müalicələr hələ də kifayət qədər bahalıdır.
“Hepatit D”
“Hepatit D” yalnız Hepatit B daşıyıcılarına yoluxa bilər. Çünki D virusu B virusunun səth zülalından istifadə edərək çoxalır. Bu səbəbdən “Hepatit B”yə qarşı peyvənd alan şəxslər eyni zamanda “Hepatit D”dən də qorunmuş sayılır.
“Hepatit E”
“Hepatit E” əsasən Cənub-Şərqi Asiyada yayılıb və tez-tez musson yağışları zamanı baş verən daşqınlar dövründə yayılır. Virus su və heyvanlar vasitəsilə yoluxur. Çin Xalq Respublikası 2012-ci ildə “Hepatit E”yə qarşı peyvəndi təsdiqləyib.