Vaxt.Az

ABŞ–AB anlaşması nefti bahalaşdırdı


 

Ticarət razılaşması qlobal bazarı canlandırdı

ABŞ–AB anlaşması nefti bahalaşdırdı Neft qiymətləri yeni həftəyə artımla başladı. ABŞ ilə Avropa Birliyi (AB) arasında ticarət razılaşmasının əldə olunması və Çin ilə gömrük tariflərinin təxirə salınması ehtimalının uzadılması xəbərləri, iqtisadi fəaliyyətlərin zəifləyəcəyi və yanacağa olan tələbatın azalacağına dair narahatlıqları yumşaltdı. Bu da qlobal bazarlarda neftin qiymətinin yüksəlməsinə səbəb oldu.

Vaxt.az xəbər verir ki, hazırda “Brent” markalı xam neftin fyuçers qiyməti 0,32 faiz artaraq 68,66 dollar, ABŞ xam nefti (“WTI”) isə 0,34  faiz bahalaşaraq 65,38 dollar səviyyəsindədir.

"IG Markets" analitiki Toni Sikamor bildirib ki, “ABŞ–AB ticarət razılaşması və ABŞ–Çin tarif təxirə salınmasının uzadılması ehtimalı həm qlobal maliyyə bazarlarını, həm də neft qiymətlərini dəstəkləyir”.

Qeyd edək ki, ABŞ ilə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, AB-dən idxal olunan məhsulların əksəriyyətinə 15 faiz gömrük vergisi tətbiq ediləcək. Bu isə əvvəlcədən nəzərdə tutulan 30 faizlik tarif təhdidinin yarısı deməkdir. Beləliklə, dünyanın təxminən üçdə birini təşkil edən bu iki iqtisadi güc arasında böyük ticarət savaşı riski aradan qalxmış oldu.

Bundan əlavə, ABŞ və Çin arasında yüksək səviyyəli ticarət nümayəndələri bazar ertəsi günü Stokholmda görüş keçirəcək. Məqsəd, 12 avqust tarixindən əvvəl yeni tarif artımlarının qarşısını almaq üçün razılaşmanın müddətini uzatmaqdır.

Azərbaycan neftinin (“Azeri Light”) bir barelinin qiyməti hazırda təxminən 76 dolların üzərində satılır.


 





28.07.2025    çap et  çap et