Vaxt.Az

AB ilə ABŞ arasında razılaşma


 

Enerji, silah, avtomobil ticarətində tariflərin yeni mərhələsi başlayır

AB ilə ABŞ arasında razılaşma ABŞ Prezidenti Donald Tramp, Avropa Birliyi (AB) ilə ticarət razılaşması danışıqlarının tamamlandığını və yeni tarif qərarlarının qüvvəyə minəcəyini açıqlayıb. Şotlandiyada AB Komissiyasının sədri Ursula von der Lyayenlə görüşdən sonra mətbuata açıqlama verən Tramp, əldə olunan razılaşmanın həm enerji, həm də müdafiə sektorunda böyük imkanlar yaradacağını bildirib.

Vaxt.az xəbər verir ki, Trampın sözlərinə görə, Avropa Birliyi ABŞ-dən 750 milyard dollarlıq enerji məhsulu almağı, ABŞ bazarında isə 600 milyard dollardan çox investisiya yatırmağı öhdəsinə götürüb. O bildirib ki, AB ölkələri bundan sonra ABŞ məhsullarına gömrük rüsumları tətbiq etməyəcək, bazarlarını tam şəkildə açacaq.

Ticarət sazişi çərçivəsində AB ölkələrinin "yüz milyardlarla dollar" dəyərində ABŞ hərbi texnikası alması da planlaşdırılır. Tramp bu razılaşmanın ABŞ iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıdığını deyərək, “Bu, indiyə qədərki ən böyük ticarət razılaşmasıdır” sözlərini işlədib.

Bununla belə, Tramp yeni tarif mexanizminin detalları barədə də məlumat verib. Belə ki, ABŞ 1 avqustdan etibarən AB-dən idxal olunan bütün məhsullara – avtomobildən tutmuş istehlak mallarına qədər – 15 faizlik gömrük vergisi tətbiq edəcək. Bu isə əvvəlki bəzi məhsullara tətbiq edilən 30 faizədək sektorəl vergilərlə müqayisədə ümumi tarif siyasətinə keçid deməkdir.

Xatırladaq ki, Tramp prezidentliyinin əvvəlində AB-dən gətirilən polad və alüminiuma 50 faiz, avtomobillərə 25 faiz və digər məhsullara 10 faiz gömrük vergisi tətbiq etmişdi. Onun göndərdiyi tarif məktubunda, 1 avqustdan etibarən AB məhsullarına sektordan asılı olmayaraq əlavə 30 faiz vergi tətbiq olunacağı qeyd edilirdi.

Avropa Komissiyasının statistik məlumatlarına görə, Avropa İttifaqı 2024-cü ildə ABŞ-yə 532,3 milyard avro dəyərində məhsul ixrac edib, əvəzində isə 335 milyard avro dəyərində məhsul idxal edib. Bu göstərici AB-nin ABŞ qarşısında 197,3 milyard avro ticarət artıqlığı verdiyini göstərir. Tramp uzun müddətdir bu balanssızlığın Vaşinqtonun ziyanına olduğunu vurğulayıb və tarif siyasətini bu fərqi aradan qaldırmaq üçün əsas vasitə hesab edir.

 





28.07.2025    çap et  çap et