Ticarət sazişi çərçivəsində AB ABŞ-dən 150 milyard dollarlıq enerji məhsulu və əhəmiyyətli həcmdə hərbi texnika alacaq, əlavə olaraq 600 milyard dollarlıq investisiya vədi verəcək.
Avropa Komissiyasının sədri Ursula von der Lyayen də razılaşmanı təsdiqləyərək, bütün məhsullar üzrə 15 faizlik vahid tarifin tətbiq olunacağını, bunun isə AB–ABŞ ticarət balansının yenidən qurulmasına xidmət edəcəyini deyib.
Tramp açıqlamasında qeyd edib ki, ABŞ hazırda üç-dörd başqa ölkə ilə də oxşar razılaşmalar üzərində işləyir, bəzi ölkələrlə tarif danışıqları aparılır.
Bu razılaşma, 23 iyulda Yaponiya ilə imzalanmış digər ticarət razılaşmasının ardınca gəlir. Yaponiya ilə əldə olunan sazişə görə, ABŞ avtomobil və bəzi məhsullarda tarifləri azaldıb, qarşılığında Tokio ABŞ-yə 550 milyard dollarlıq sərmayə və kredit paketi təklif edib.
Razılaşmanın açıqlanması beynəlxalq bazarlarda da optimizm yaradıb. Avro son üç həftənin ən yüksək səviyyəsi olan 1,1738-ə çatıb, Avropa birjalarının əsas göstəricisi “STOXX 600” isə iyun ayından bəri ən yüksək səviyyəsini görüb.
İtaliya Baş naziri Corca Meloni isə ABŞ–AB ticarət razılaşmasını “müsbət bir inkişaf” kimi qiymətləndirib, lakin detalları görmədən dəyərləndirmə verməyəcəyini bildirib.