Bu barədə İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi məlumat verib. Onun sözlərinə görə, BMT-nin sanksiyalarını geri qaytara biləcək bu mexanizmin işə düşməsi ehtimalı müzakirəyə çıxarılıb və komissiya üzvlərinin əksəriyyəti bu halda hökumətin NPT-dən çıxmasını nəzərdə tutan bir qanun layihəsinin hazırlanmasını təklif ediblər.
Qanun layihəsi üzərində işin başladığını bildirən Rzayi, onun əvvəlcə komissiyada müzakirəyə təqdim olunacağını deyib.
***
2015-ci ilin 14 iyul tarixində İran ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında əldə olunan nüvə razılaşması çərçivəsində, İrana qarşı sanksiyaların ləğvi qarşılığında onun nüvə fəaliyyətləri məhdudlaşdırılmışdı.
Lakin ABŞ, 2018-ci ildə keçmiş prezident Donald Trampın qərarı ilə razılaşmadan birtərəfli qaydada çıxaraq İrana qarşı sanksiyaları bərpa etdi. Avropa ölkələri bu addıma qarşı çıxsa da, ABŞ-a əks tədbir görə bilməmişdi. Bunun ardınca İran 1 il sonra razılaşmadakı öhdəliklərini mərhələli şəkildə dayandıraraq yüksək səviyyəli uran zənginləşdirməyə başlamışdı.
Son olaraq İran, Almaniya, Fransa və Britaniya nümayəndələri iyulun 25-də İstanbulda görüş keçirib və danışıqları davam etdirmək barədə razılığa gəliblər.
***
İran rəsmiləri daha öncə dəfələrlə bəyan ediblər ki, BMT-nin sanksiyalarını geri qaytaracaq bir addım atılacağı təqdirdə, NPT-yə üzvlüklərini yenidən nəzərdən keçirəcəklər. Hazırda hazırlanan qanun layihəsi bu mövqenin qanuniləşdirilməsi istiqamətində atılan ilk rəsmi addım kimi qiymətləndirilir.