Silahlı şəxs – 27 yaşlı Şeyn Devon Tamura – Las Veqasdan gəlmişdi. Onun psixoloji problemləri olduğu bildirilir. Səbəbi hələ tam məlum olmayan hücumda Nyu-York Polis Departamentinin (NYPD) əməkdaşı, banqladeşli iki uşaq atası Didarul İslam foyedə vurularaq öldürülüb. Islam, hadisə zamanı binada xüsusi təhlükəsizlik xidməti əməkdaşı kimi xidmət edirmiş.
Komissar Cessika Tişin verdiyi məlumata görə, hücum zamanı Tamura əvvəlcə İslamı vurub, sonra bir sütunun arxasında gizlənmiş qadını hədəfə alıb və ardınca foyeni yaylım atəşinə tutub. Daha sonra foyedə bir kişi, lift bölməsində bir mühafizəçi və 33-cü mərtəbədə bir qadın da daxil olmaqla üç nəfər ölü tapılıb. Hücum nəticəsində sağ qalan bir nəfərin vəziyyəti kritikdir və hazırda xəstəxanada müalicə alır.
"Bu bina niyə hədəf seçildi?" sualı açıq qalır
“Tamuranın dəqiq motivasiyası bəlli deyil. “Bu binanı niyə seçdiyini araşdırırıq. Psixoloji keçmişi sənədləşdirilmişdi”, – deyə NYPD komissarı Tiş bildirib.
Hücumun hədəfi olan “345 Park Avenue” binası 190 metr hündürlüyündədir və Amerika Futbol Liqasının baş qərargahı, eləcə də bir sıra böyük maliyyə şirkətləri, o cümlədən “Blackstone” investisiya firması bu binada yerləşir. “Grand Central” stansiyası və Modern İncəsənət Muzeyi ilə qonşu olan bina, öz poçt koduna sahib nadir göydələnlərdəndir.
ABŞ yenidən silahlı zorakılıqla sarsıldı
Hadisə sosial mediada və yerli mətbuatda "yüksək təhlükəsizlikli zonada baş verən sarsıdıcı hücum" kimi qiymətləndirilir. Bu, ABŞ-da son aylar içində qeydə alınan növbəti kütləvi atışma hadisəsidir. Hücumun yüksək profilli bir binada və gündüz saatlarında baş verməsi ölkədə silah qanunvericiliyi ilə bağlı müzakirələri yenidən alovlandırıb.