Vaxt.az xəbər verir ki, “Brent” markalı xam neftin qiyməti 0,19 faiz artaraq 72,65 dollar, ABŞ-ın “WTI” markalı nefti isə 0,03 faiz artımla 69,23 dollar səviyyəsinə yüksəlib. Artımın əsas səbəbi kimi bazarda təchizatın azalacağı ilə bağlı narahatlıqlar göstərilir.
Trampın dünən verdiyi açıqlamada deyilir: “Rusiya yaxın 10-12 gün ərzində bu müharibəni dayandırmasa, çox ciddi addımlar atılacaq. Ticarət tərəfdaşlarına qarşı 100 faizlik ikinci dərəcəli tariflər gündəmdədir”.
Bu xəbər, daha əvvəl elan edilən 50 günlük möhlətin ciddi şəkildə qısaldıldığını göstərir.
Mövzunu Stokholmda şərh edən ABŞ Maliyyə naziri Skott Bessent, Rusiyanın neft satışında əsas müştərisi olan Çini xəbərdar edərək bildirib ki, əgər Çin Rusiyadan neft almağa davam edərsə, yüksək tariflərlə üzləşəcək.
“JP Morgan” analitiklərinin açıqlamasına görə, Çin ABŞ sanksiyalarına əməl etməyə hazır görünmür, lakin Hindistan müəyyən uyğunluq siqnalları verir. Bu isə gündəlik 2,3 milyon barel Rusiya neftinin ixracını təhlükə altına sala bilər. Belə bir risk, qlobal enerji bazarında daha kəskin qiymət dəyişikliklərinə yol aça bilər.
Azərbaycan brendi “Azeri Light” neftinin bir barelinin qiyməti hazırda 1.19 dollar və ya 1.55 faiz bahalaşaraq 77,01 ABŞ dolları səviyyəsində qərarlaşıb.