Paris Apellyasiya Məhkəməsi açıqladığı qərarında bildirib ki, “Lidl” illər boyunca televiziya vasitəsilə yayımladığı endirim reklamları ilə istehlakçını yanıltmışdır. Reklamlarda cəlbedici qiymətlərlə təqdim olunan məhsulların 15 həftə ərzində bütün mağazalarda mövcud olmadığı müəyyən edilib. Məhkəmə bu praktikaları “ədalətsiz rəqabət” kimi qiymətləndirib.
374 televiziya reklamı məhkəməlik oldu
Qərarda qeyd olunur ki, “Lidl” həmin reklamların sonunda məhsulların hansı mağazalarda tapıla biləcəyinə dair məlumatın “LIDL.FR ünvanından yoxlana bilər” ifadəsi ilə təqdim edildiyini göstərsə də, bu yazının ekranın aşağı sağ küncündə kiçik şriftlə və cəmi bir neçə saniyəlik göstərilməsi səbəbilə istehlakçılar bu məlumatı asanlıqla görə bilməyib.
“Intermarché” apellyasiyaya müraciət etmişdi
“Intermarché” markasını təmsil edən “ITM” şirkəti 2019-cu ildə “Lidl”i məhkəməyə vermiş, lakin 2022-ci ildə birinci instansiya məhkəməsində iddianı uduzmuşdu. Qərardan narazı qalan “ITM” apellyasiya şikayəti vermiş və bu mərhələdə qələbə qazandı. Apellyasiya Məhkəməsi qərarında “Lidl”in sözügedən reklamları yayımlayarkən məhsulların ölkə üzrə kifayət qədər müddət mövcud olmayacağını əvvəlcədən bildiyini və buna görə də qəsd niyyətinin mövcud olduğunu təsdiqləyib.
Ədalətsiz rəqabət
Qərarda həmçinin qeyd olunur ki, bu cür aldatma xarakterli tanıtımlar yalnız istehlakçını deyil, ümumi rəqabət mühitini də mənfi təsirə məruz qoyur. Məhkəmə bildirib: “Bu vəziyyət 'Intermarché' markasına qarşı ədalətsiz rəqabət sayılır və təzminat hüququ yaradır”.
“Intermarché” tərəfi isə bu barədə hələlik hər hansı açıqlama verməyib.