“Telegraaf” qəzetinin “Mərkəzi Statistika Bürosu”na (“CBS”) istinadla yaydığı məlumata görə, 2023-cü ildə ümumilikdə 208 min 537 nəfər Niderlandı tərk edib. Bu göstərici 2022-ci ildə 55 min nəfər civarında idi.
Məlumatlara əsasən, bu tendensiyada əsas səbəblərdən biri mənzil problemi və artan yaşayış xərcləridir. “Viisi Hypotheken” şirkətinin keçirdiyi sorğuda, 22–35 yaş arası min nəfərdən çox iştirakçının 44 faizi ev sahibi ola bilmədiyi üçün xaricə köçməyi ciddi şəkildə düşündüyünü bildirib. 30 yaşdan yuxarı respondentlər arasında bu rəqəm 49 faizə yüksəlir.
“Second Home” şirkətinin direktoru Henk Yan Prins də bu tendensiyanı təsdiqləyərək deyib: “Tədbirlərimizə gənclərin marağı ildən-ilə artır. Aparağımız söhbətlərdə hiss olunur ki, bir çox gənc artıq Niderlanddan bezib.”
Gənclər bahalı mənzil bazarında sıxışıb qalır
Niderlandda gənclər əsasən özəl kirayə sektoruna məhkum olduqları üçün daha bahalı mənzillərdə yaşamağa məcbur qalırlar. Sosial mənzillərə çıxışın məhdudluğu və uyğun satınalma imkanlarının olmaması, gəncləri getdikcə daha çox maliyyə yükü altına salır.
“ING” bankının yaydığı son araşdırmaya əsasən, 34 yaşına qədər olan gənclər gəlirlərinin orta hesabla 46 faizini kirayə xərclərinə sərf edirlər. Bu rəqəm gənc nəsil üzərindəki iqtisadi təzyiqin miqyasını göstərir.
Araşdırma həmçinin qeyd edir ki, gənc kirayəçilərin üçdə birindən çoxu yüksək kirayə qiymətlərinin hökm sürdüyü mənzil bazarında “sıxışıb qalıb”. İctimai mənzillərə çıxışın azlığı və daşınmaz əmlak almaq imkanlarının qeyri-reallığı bu vəziyyəti daha da ağırlaşdırır.