Belə ki, Türkiyəni bölgə üçün əsas və artan təhlükə kimi xarakterizə edən, bu ölkənin son vaxtlar təkcə hərbi qüdrətini artırmadığını, həm də bölgədə daha qətiyyətli və tələbkar bir aktora çevrildiyini bildirən N.Dendiasın parlament kürsüsündən verdiyi açıqlamalar diqqət çəkərək həm parlamentdə, həm də ictimaiyyətdə böyük rezonansa səbəb olub.
“Hörmətli həmkarlarım, sizə dərin narahatlığımı bildirirəm” deyən Dendias, deputatlara müraciət edərək dedi: “Daim böyüyən və son dərəcə iddialı qonşumuzu dayandırmaq üçün mümkün qədər tez, sabah yox, dünən vasitə yaratmalıyıq. Təxminən 10 il əvvəl belə deyildi, amma bu gün ciddi və artan təhlükə var”.
Türkiyənin son aylarda xarici siyasətdəki aktiv həmlələrini şərh edən yunan nazirin Türkiyə qorxusu özünü həmçinin beşinci nəsil KAAN qırıcılarının dünya hərb bazarına girməyə başlamasından qaynaqlanır. Qarşıdakı illərdə taktiki və texniki xüsusiyyətlərinə görə Amerikanın “F-35”lərini keçə biləcək və eyni zamanda, hazırda Türkiyənin Hərbi Hava Qüvvələrində xidmətdə olan “F-16” qırıcılarını əvəz edə biləcək KAAN təyyarələri yunanların rəsmən yuxularını qaçırıb.
Dəngələrin dəyişdiyini etiraf edən və Türkiyənin bir neçə gün öncə keçirilən IDEF 2025 sərgisində nümayiş etdirdiyi ən yeni silahlardan, hipersonik ballistik raketlərdən, bunker bombalarından, yeni nəsil İHA sistemlərindən ciddi şəkildə qorxuya düşən Nikos Dendias açıq surətdə deyir ki, “Türkiyənin bölgəsəl gücü hər keçən gün daha da artır və biz bu sürətlə ayaqlaşa bilmirik”.
Yunan nazir, həmçinin Türkiyənin “Mavi Vətən” hərbi doktrinasına diqqət çəkərək, son 10 ildə ortaya çıxan bu strateji planın bu gün Yunanıstan üçün ciddi bir təhdid faktoru olduğunu bildirib.
Bir sözlə, N.Dendias ölkəsinin Türkiyə ilə ayaqlaşa bilmədiyini deputatlar qarşısında açıq etiraf edib.
Ancaq onu da qeyd etməliyik ki, Türkiyənin son 10 ildə hərbi sənaye sahəsində əldə etdiyi bu cür başgicəlləndirici uğurlar təkcə Yunanıstan deyil, İran və Rusiyada da dərin narahatlıq hissi doğurur. Onlar Türkiyənin gün-gündən artmaqda olan hərbi gücünün perspektivdə həm də bütün Türk dünyasının etibarlı müdafiə sipərinə çevriləcəyini başa düşürlər.
P.S. Zəngəzur dəhlizi isə hazırda Rusiya və İranın az qala ölüm-dirim məsələsinə çevrilib. Onlar bu dəhlizi Türkiyə və Azərbaycanın ən güclü geostrateji silahı kimi dəyərləndirdiklərinə görə qorxuya düşüblər.