ABŞ Geoloji Araşdırmalar Xidməti bildirib ki, 8,8 bal gücündə olan bu yeraltı təkan 19,3 kilometr dərinlikdə qeydə alınıb və Petropavlovsk-Kamçatski şəhərindən 119 kilometr məsafədə baş verib. Sarsıntı Sakit okean boyu sunami dalğalarına səbəb olub, Havay adalarında 4 metrə qədər yüksəklikdə dalğalar müşahidə edilib. ABŞ Sunami Xəbərdarlığı Sistemi “təhlükəli dalğalar” barədə xəbərdarlıq edib.
Rusiya Elmlər Akademiyası bu zəlzələni 1952-ci il Kamçatka zəlzələsindən sonra bölgədə baş vermiş ən güclü təkan adlandırıb. RIA Novosti agentliyinin məlumatına görə, Saxalin bölgəsində elektrik şəbəkəsinə ziyan dəyib və enerji təchizatı müvəqqəti dayandırılıb.
Tarixdə baş vermiş ən güclü 10 zəlzələ
Valdivia, Çili (1960) – 9.5 bal: 1.655 nəfər həyatını itirib, 2 milyon insan evsiz qalıb. Bu zəlzələ indiyə qədər ölçülmüş ən güclü təkan kimi tanınır.
Alyaska, ABŞ (1964) – 9.2 bal: 130 nəfər ölüb, 2,3 milyard dollar ziyan dəyib.
Sumatra, İndoneziya (2004) – 9.1 bal: 280 min nəfərdən çox həlak olub. 1,1 milyon insan məcburi köçkünə çevrilib.
Toxoku, Yaponiya (2011) – 9.1 bal: 15.000 nəfərdən çox insan həyatını itirib.
Kamçatka, Rusiya (1952) – 9.0 bal: 1 milyon dollardan artıq maddi ziyan, Havay sahillərinə qədər yayılan sunami.
Çili (2010) – 8.8 bal: 523 nəfər ölüb, 370.000-dən çox ev dağılıb.
Ekvador-Kolumbiya (1906) – 8.8 bal: 1.500 nəfər həyatını itirib.
Aleut adaları, ABŞ (1965) – 8.7 bal: 10 metrdən artıq dalğalarla müşayiət olunan sunami.
Assam-Tibet, Hindistan (1950) – 8.6 bal: 780 nəfər ölüb, geniş torpaq sürüşmələri baş verib.
Sumatra, İndoneziya (2012) – 8.6 bal: ciddi tələfat olmayıb.
Zəlzələlərin iqtisadi təsirləri
Son 50 ildə zəlzələlərin səbəb olduğu iqtisadi zərər təxminən 1 trilyon dollar olub. Təkcə Yaponiyanın Tohoku zəlzələsi (2011) 360 milyard dollarlıq ziyanla tarixdə ən bahalı təbii fəlakət sayılır. Bu zəlzələdə sığortalı itkilər 47 milyard dollar təşkil edib.
ABŞ-da Nortridc zəlzələsi (1994) isə 50 milyard dollarlıq ümumi ziyanla və 31 milyard dollarlıq sığorta tələbi ilə tarixdə ikinci yeri tutur.
Zəlzələ zamanı ölkə əhalisinin yalnız 1 faizi belə 10 bal və yuxarı gücdə sarsıntıya məruz qalsa, bu, 8 il sonra adambaşına düşən milli gəlirdə 2 faiz azalma ilə nəticələnə bilər. Yüksək şiddətli ssenarilərdə bu rəqəm 10 faizə qədər yüksəlir.
Əgər zəlzələlər son 40 ildə aşağı və orta gəlirli ölkələrə təsir etməsəydi, bu ölkələrin adambaşına milli gəliri ortalama 2,4 faiz, bəzilərində isə 7–30 faiz daha yüksək olardı.