Vaxt.Az

Süni intellekt 12 min dollar qazandırdı


 

“ChatGPT” sayəsində bir ayda borcundan qurtuldu

Süni intellekt 12 min dollar qazandırdı ABŞ-ın Delaver ştatında yaşayan daşınmaz əmlak məsləhətçisi və kontent yaradıcısı Cennifer Allan, 23 min dollar kredit kartı borcu ilə mübarizə aparırdı. Borcun mühüm hissəsi ona aid olmasa da, nəticədə yük onun üzərinə düşmüşdü. Zamanla yığılan borclar qarşısında nə edəcəyini bilmirdi. Bu çıxılmaz vəziyyətdə süni intellektdən kömək almaq fikri ağlına gəldi: “ChatGPT”.

Cennifer 30 gün ərzində hər səhər “ChatGPT”yə müraciət etdi. Hər gün gəliri artıracaq və ya xərcləri azaldacaq bir fikir aldı. Evdəki abunəlikləri ləğv etmək, istifadə olunmayan əşyaları “Facebook Marketplace”də satmaq, marketə getmədən evdəki ərzaqlarla yemək bişirmək kimi konkret addımlar atdı. Bütün bu təklifləri bir “meydan oxuma”ya çevirərək TikTok-da izləyiciləri ilə paylaşdı.

“ChatGPT”nin təklif etdiyi ideyalardan biri isə xüsusi diqqət çəkdi: Borcun miqdarını bir qarpızın üzərinə yazıb “borc sənəti” adı ilə “eBay”də açıq hərraca çıxardı. Video sosial mediada sürətlə yayıldı, milyonlarla insan izləyib paylaşdı. Qarpızın fotosu 51 dollara satıldı. Bu vaxt Cennifer Venmo hesabında unudulmuş 100 dollar tapdı. Əri isə köhnə bir investisiya hesabında 10.200 dollar olduğunu aşkar etdi. Bütün bunlar təsadüf kimi görünsə də, süni intellektin yaratdığı motivasiyanın bir hissəsi idi.

Bu mübarizənin sonunda Cennifer 30 gün ərzində əlavə 11.000 dollar gəlir əldə etdi. Bu sayədə 12.078 dollarlıq borcu bağladı, yəni ümumi borcunun yarısından çoxunu. Cennifer deyir: “Əvvəllər borcuma baxmağa belə cəsarət etmirdim. İndi isə hər gün onunla məşğulam”. “ChatGPT”nin təklifləri ona yalnız ideya deyil, həm də sistemli planlama və mənəvi güc verdi.

Maliyyə mütəxəssisləri süni intellektin fərdlərə kömək edə biləcəyini qəbul edirlər. Amma yenə də bunun insan məsləhətçisinin yerini tutmadığını xatırladırlar. Mütəxəssis Noel Karter bildirir: “Süni intellekt güclü bir vasitə ola bilər, amma peşəkar maliyyə məsləhətçisini əvəz edə bilməz”. Buna baxmayaraq, Cenniferin hekayəsi oxşar borc yükü altında əzilən bir çox insan üçün ilhamverici nümunə sayılır.

 





30.07.2025    çap et  çap et