Zatən Lavrov kimi Nuh əyyamından qalma xarici işlər naziri olan Rusiya prezidentindən belə bir ağılsızlıq əslində gözlənilən idi. Çünki Rusiyada artıq diplomatiya yoxdur. Daha doğrusu, Rusiyada diplomatiya çoxdan ölüb. İndi Rusiyanın yeganə "siyasət və diplomatiya dili" müharibədir, terrordur, təxribatdır.
Bu mənada Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın dilindən bəyan edilən NATO xəbərdarlığı da Kremlin növbəti hərbi təhdid nümunəsidir.
Zaxarova ənənəvi mətbuat brifiqindəki son açıqlamasında həm Ermənistanın, həm də Azərbaycanın NATO ilə yaxınlaşmasının region üçün risklər yaratdığını bildirib və hər iki ölkəni NATO ilə yaxınlaşmaqdan çəkinməyə çağırıb.
Zaxarovanın ardınca isə, Kremlin bəslədiyi Z-blogerlər, propaqandistlər, cürbəcür hərbi ekspertlər və siyasi şərhçilər sosial platformalar və tv-media üzərindən Azərbaycan və Ermənistana NATO ilə bağlı təhdidlər, təhqirlər yağdırmağa başladılar.
Əvvəlcə Anton Parxomenko adlı yutuber-ekspert "Diqqət: Azərbaycan NATO-ya satılacaqmı?" provokativ başlığı ilə yayımladığı strimdə rəsmi Bakının Xaçmazda NATO-nun hərbi bazasını yerləşdirməyə hazırlaşması iddialarını çözələməyə çalışdı.
Daha sonra hərbi ekspert Konstantin Sivkov Azərbaycan və Türkiyənin NATO ilə birgə planları barədə bir sıra absurd fikirlər səsləndirdi.
Hətta rusiyapərəst amerikalı hərbi ekspert Skott Ritter də Azərbaycan və Ermənistanın Cənubi Qafqazda Rusiyaya qarşı birgə avantürası haqda danışdı və belə bir iddia irəli sürdü ki, guya, xarici güclər Bakı və İrəvanın əliylə Moskvanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün pərdəarxası manevrlər edir.
Bütün bunlar onu göstərir ki, Kreml Azərbaycan və Ermənistanın müstəqil, suveren siyasət yürütməsini əsla istəmir və Rusiya rəhbərliyi Ukraynanın ardınca Azərbaycan və Ermənistanın da NATO ilə əməkdaşlıöı genişləndirmək yolunu seçməsindən ciddi şəkildə narahatdır. Məhz bu səbəbdən də Putin Mariya Zaxarovanın ağzıyla bu iki Cənubi Qafqaz ölkəsini "Ukrayna ssenarisi"nin təkrarlana biləcəyi ilə təhdid edir.
Amma yazının əvvəlində qeyd etdiyimiz kimi bu təhdid Putinin növbəti ağılsızlığıdır. Çünki məhz bu cür analoji təhdidlərin nəticəsində Finlandiya və İsveç kimi dünyanın ən sülhsevər və neytral ölkələri də sonda NATO Alyansına üz tutmalı oldular. Görünən budur ki, bu hadisə Putinə dərs olmayıb. Bu müharibə manyakı Azərbaycan və Ermənistanı da NATO-ya üz tutmağa vadar edir.
Kremlin get-gedə artmaqda olan təhdidləri fonunda ən optimal cavab addımlarından biri kimi Rusiya ilə sərhəd ərazilərimizdə Türkiyənin (oxu: NATO-nun) hərbi bazasının yaradılmasıdır. Eyni zamanda, digər türk və müsəlman ölkələri (ilk növbədə Qazaxıstan, Özbəkistan və Pakistan) ilə də hərbi əməkdaşlığımız daha sıx müstəviyə keçirilməlidir. Rəsmi Bakı bu ölkələrə də Şuşa Bəyannaməsinə qoşulmağı təklif edə bilər.
P.S. Rusiyanı dayandırmaq və özünə gətirmək, reallıq hissinə qaytarmaq, cilovlamaq üçün bütün mümkün təsir və güc vasitələrindən istifadə etməliyik.