Vaxt.az xəbər verir ki, Norveçin Arktik dairəsinə daxil olan hava müşahidə stansiyalarında iyul ayı ərzində 13 gün ardıcıl olaraq 30 dərəcədən yüksək temperatur ölçülüb. Finlandiyada isə 3 həftə ərzində davamlı olaraq 30°C ətrafında isti hava hökm sürüb.
“Bu, əvvəlki rekordu ikiqat üstələdi”
Finlandiya Meteorologiya İnstitutunun iqlim üzrə mütəxəssisi Mika Rantanen bildirib ki, bu, 1961-ci ildən bəri qeydə alınan ən uzun və intensiv isti hava dalğasıdır: “Gerçəkdən misli görünməmiş bir istilik dalğası ilə qarşı-qarşıyayıq. Bu gün temperatur 32–33°C arasında dəyişirdi”.
Araşdırmalara görə, yeni dalğa əvvəlki rekordları 50 faiz üstələyib.
Soyuq üçün qurulmuş infrastruktur istiliyə davam gətirmir
İstilik dalğası, əsasən soyuğa uyğunlaşdırılmış Skandinaviya ölkələrinin infrastrukturunu iflic edir. Enerji şəbəkələri, yollar və ictimai nəqliyyat sistemləri bu cür temperatur dəyişikliyinə uyğunlaşdırılmayıb. Bu da əhalini hazırlıqsız yaxalayır.
Mütəxəssislər bildirirlər ki, İngiltərə, Norveç və İsveçrə kimi ölkələr iqlim dəyişikliyi fonunda ən çox isti gün artımı yaşayacaq bölgələr arasındadır. Lakin bu ölkələrdə hələ də yüksək temperatura qarşı dayanıqlı şəhər planlaşdırılması və fövqəladə tədbirlər kifayət qədər deyil.