Kiçik şəhərlərdə rekord artım qeydə alınıb
Vaxt.az xəbər verir ki, mənzil kirayəsi getdikcə daha çox insan üçün əlçatmaz hala gəlir. Hökumətin son məlumatlarına əsasən, kirayə qiymətləri təkcə iri şəhərlərdə deyil, həm də kiçik şəhərlərdə gəlir artımını geridə qoyaraq ciddi şəkildə bahalaşıb.
Xüsusilə Reynland-Pfalz, Bavariya və Hessendə kəskin artım müşahidə olunur. 2023–2024-cü illəri əhatə edən və internet vasitəsilə verilmiş ilk və təkrar kirayə müqavilələrinə əsaslanan statistika göstərir ki, ölkə üzrə ən yüksək artım Zvebrüken şəhərində qeydə alınıb – 15,9%.
Digər diqqətçəkən göstəricilər:
Şvaynfurt və Pirmasens: +13,4%
Kayzerslautern: +12,6%
Rozenhaym: +12,3%
Şvabax: +11,9%
Offenbax və Leypsiq: +11,3%
Frankfurt: +11,1%
Brandenburq (Havel): +10,9%
Bu göstəricilər kirayə böhranının yalnız böyük şəhərlərlə məhdudlaşmadığını, əksinə bütün ölkəyə yayıldığını sübut edir.
Artım aşağı və orta gəlir qruplarını çətin vəziyyətə salır
Kirayə qiymətlərindəki kəskin artım təkcə aşağı gəlirli ailələri deyil, artıq orta təbəqəni də ciddi narahat etməyə başlayıb. Gəlir artımının bu templə ayaqlaşmaması, yaşayış xərclərinin ailə büdcəsi üzərindəki yükünü artırır. Hökumət isə bu yükü sosial yardımlarla yüngülləşdirməyə çalışır.
Artan qiymətlər fonunda Almaniyada kirayələrə məhdudiyyətlər, yerli “tavan qiymət” tətbiqləri və “kirayə əyləci” (Mietpreisbremse) kimi vasitələrin genişləndirilməsi zərurəti müzakirə olunur.
Ümumi mənzərə belədir:
Böyük şəhərlər (əhalisi 500.000-dən çox): +7,4%
Kiçik şəhərlər: +4,6%
Şəhər tipli rayonlar: +5,1%
Yüksək sıxlıqlı kənd əraziləri: +5,3%
Aşağı sıxlıqlı kənd əraziləri: +5,7%
Çıxış yolu – yeni tikililər, lakin əngəllər çoxdur
Almaniya hökuməti yaxın zamanda vəziyyətin yaxşılaşacağını düşünmür. “Kirayə əyləci” sisteminin müddətinin uzadılması planlaşdırılsa da, bu belə müəyyən faiz artımına imkan verir. Mütəxəssislər isə çıxış yolunu yalnız kütləvi yeni yaşayış binalarının tikintisində görür.
Lakin uzun illərdir həm dövlət, həm də özəl sektor bu tikinti hədəflərinə çata bilmir. Yüksək tikinti xərcləri və büroratik prosedurlar əsas maneələr olaraq qalır. İyunda Tikinti naziri “Bauturbo” təşəbbüsü ilə tikinti icazələrinin sürətləndirilməsinə yönəlmiş yeni addım atdığını açıqlayıb.