Kamçatka yarımadası ardıcıl seysmik aktivliklə silkələnir. Kuril adaları yaxınlığında baş verən 7 bal gücündə zəlzələdən sonra üç bölgədə sunami xəbərdarlığı edilib. Rusiya Fövqəladə Hallar Nazirliyi əhalini sahildən uzaqlaşmağa çağırıb.
600 ildən sonra ilk dəfə
Kraşeninnikov vulkanının tarixi qaynaqlara əsaslanan son püskürməsi 1463-cü ildən sonra qeydə alınıb və ondan bəri fəallıq müşahidə olunmayıb. Rusiya Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Kamçatka Vulkanik Partlayışlara Müdaxilə Qrupunun rəhbəri Olqa Girinanın sözlərinə görə, bu püskürmə 600 il ərzində rəsmi qeydə alınan ilk hadisədir.
Partlayış nəticəsində 6 min metrə qədər yüksələn nəhəng kül buludu müşahidə olunub. Vulkanın özü 1856 metr hündürlüyə malikdir. Nazirlik kül buludunun Sakit okean istiqamətində hərəkət etdiyini və ərazidə yaşayış məntəqələrinin olmadığını bildirib. Hava nəqliyyatı üçün təhlükə yarandığına görə bölgədə “narıncı səviyyə” siqnalı elan olunub.
“Sakit Okean odlar halqası” hərəkətdədir
Bundan bir neçə gün əvvəl Kamçatka yarımadasında 8,8 bal gücündə zəlzələ qeydə alınmış və bu, bölgədə Klyuçevskoy adlı ən aktiv vulkanın püskürməsinə səbəb olmuşdu. Ardınca isə digər bir fəal vulkan – Kraşeninnikov – hərəkətə keçdi.
Bütün bu hadisələr dünyanın ən aktiv seysmik zonalarından biri olan “Sakit Okean odlar halqası”nda baş verir. Son günlərdə burada bir sıra vulkanik partlayışlar və zəlzələlər yaşanıb. Kamçatkadan sonra İndoneziyada yerləşən “Lewotobi Laki-Laki” vulkanı da yenidən fəaliyyətə başlayıb.