Vaxt.Az

50 milyon qazanan gəncin manifesti


 

ABŞ-da yaşayan həmyerlimiz «Twitter»ə necə çıxdı?

50 milyon qazanan gəncin manifesti Vaxt.az «Namo Media» şirkətini «Twitter»ə 50 milyona satdığı deyilən azərbaycanlı gənc Tural Bədirxanlının technimum.com saytına müsahibəsini təqdim edir:


- Tural, ilk sualımız, elə Amerikadakı fəaliyyətiniz haqındadır. Belə deyək, «Amerika macəranız» necə başladı? Bu barədə qısaca məlumat verərdiniz.

- Amerikaya 2004-cü ildə MIT-də baklavr təhsili almaq üçün gəldim. Daha əvvəl bu qədər ağıllı insanı bir arada görməmişdim. Texnologiya və sahibkarlığa böyük marağım var idi və Silikon vadisi xəyallarımda idi. Olduğum məkanda çox imkanlar olduğunun və bunlardan səmərəli istifadə etməli olduğumun fərqində idim. Bu imkanlardan faydalanmaq üçün məzun olduqdan sonra Silikon Vadisində «Admob» adlı kiçik bir şirkətdə işə başladım. Qısa bir müddət sonra bu şirkət «Google» tərəfindən 750 milyon dollara alındı və mən faktiki olaraq «Google»da işləməyə davam etdim.

Lakin hər zaman içimdə sabit bir işdə, yaxşı maaşla çalışmaq deyil, daha riskli və həyəcanlı işlər görmək istəyi var idi. Məhz bu səbəbdən bir neçə il sonra «Google»dan ayrıldım və özümü sınamaq qərarına gəldim. İlk 10 ay müddətində bir sıra uğursuzluqlarla qarşılaşdım. Təqdim etdiyim və üzərində çalışdığım ideyalar bazar üçün elə də maraqlı olmadı. Lakın ötən ilin fevral ayında 2 digər keçmiş «Google» mühəndisi ilə «Namo Media»nı qurduq və şirkəti böyütmək üçün Silikon vadisinin ən öndə gedən investorlarından 1.875 milyon dollar məbləğinda investisiya aldıq.

 

- «Namo Media» mobil applicationlar üçün reklam imkanları verən servis olduğu məlumdur. Şirkətinizin fəaliyyəti ilə bağlı bir qədər məlumat verərdiniz.

- «Namo Media» digər mobil reklam şirkətlərindən fərqli olaraq, eksklüziv «native advertising» üzərinə fokuslanıb. Hazırda mobil reklam bazarının böyük bir hissəsini «banner» reklamlar təşkil edir. Amma bu reklam növü ilə bağlı bir çox problemlər var - istifadəçilər bu tip reklamları sevmirlər, reklamverənlər isə bu reklamlara investisiya ayırmaq istəmirlər. Ona görə də bu reklamları öz səhifələrində yerləşdirən «application» sahiblərinin qazancı az olur.

İlk nəticələr «Native Advertising» konsepsiyasının bu problemləri həll edə biləcəyinə dair böyük ümidlər verir. İlk olaraq «Facebook» və «Twitter» bu modeli öz platformalarında istifadə etməyə başladılar. Biz də «Namo Media»nı quraraq bu reklam növünü təkcə «Facebook» və «Twitter»ə deyil bütün «application»lara açdıq.

Ötən ilin Noyabr ayında bazarda ilk olaraq «application»lar üçün «Native Advertising» texnologiyasını bazara təqdim etdik. Bu da bir çox tətbiq müəlliflərinin marağına səbəb oldu.

 

- Sizlə birgə şirkətin neçə nəfər təsisçisi var?

- Şirkətin ümumilikdə 3 təsisçisi var. Hər üçümüz fərqli zamanlarda «Google»da çalışıb, daha sonra öz ideyalarımızı gerçəkləşdirmək və şirkətimizi qurmaq üçün «Google»dan ayrılmışdıq.

 

- Daha öncə hansı şirkətlərdən investisiyalar almışdınız? Bu investisiyalardan sonra şirkətin neçə faizi investorlarda olub, neçə faizi təsisçilərdə olub?

- Şirkətimizi qurarkən, Google Ventures, Andreessen Horowitz, Trinity Ventures, Betaworks ve bir sıra «angel investor»lardan 1.875 milyon dollar miqdarında investisiya almışdıq. «Seed investment» mərhələsində isə adətən şirkətin 15-25 faizini səhmləri investorun ixtiyarına keçir.

 

- Hazırda şirkətinizin nə qədər müştərisi var? Partnyorlarınız sırasında kimləri qeyd edə bilərsiniz?

- Müştərilərimiz arasında kiçik «application» müəlliflərindən tutmuş daha böyük xəbər korparasiyaları, sosial şəbəkələr və s. var. Lakin rəqabət mühitini nəzərə alaraq onların adlarını hələ ki, açıqlamaq istəmirik.

 

- Son günlər İKT sahəsində müzakirə olunan mövzulardan biri «Namo Media»nın 50 milyon dollara «Twitter» tərəfindən satın alınma xəbəridir. Bir qədər bu alqı-satqı prosesi haqda ətraflı məlumat verərdiniz, zəhmət olmasa.

- «Twitter»lə bağlı alqı-satqı məsələsinə, gəlincə ilk olaraq onu qeyd etmək istərdim ki, alqı-satqı ilə bağlı heç bir yerdə rəsmi olaraq konkret rəqəm açıqlanmayıb. Qeyd olunan rəqəmlər bəzi kəslərin təxminləridir sadəcə. Biz «Twitter» ilə uzun müddətdir ki, «native advertising» standartlarının müəyyənləşdirilməsi ilə əlaqədar əməkdaşlıq edirik. Bu əməkdaşlıq prosesində də məlum oldu ki, biz eyni məqsədə doğru çalışırıq. Beləliklə, güclərimizi birləşdirmək hər iki tərəf üçün yaxşı imkanlar, gözəl nəticələr yarada bilər. Bu məqsədlə də «Namo Media»nın «Twitter» tərəfindən satın alınmasına dair razılaşma imzaladıq.

 

- Yerli mediada bəzi mənbələr xəbəri bir qədər təhrif etmiş də təqdim etdilər. Sanki bütün məbləğ sizə ödənilib. Məsələnin əsli necədir? Əgər konfidensial məlumat deyilsə bizimlə bölüşərdiniz.

- «Namo Media» səhmdar şirkətdir və səhmlər işçilər, investorlar, şirkət məsləhətçiləri və qurucular arasında bölünür. Şirkət satıldıqda isə o səhmlər əlavə dəyər qazanır. Beləliklə, nəticədə bütün səhmdarlar ümumi məbləğdən pay qazanırlar.

Lakin burada bir məqamı qeyd etmək lazımdır ki, işçilərin və qurucuların sahib olduqları səhmlər onlara birbaşa deyil, fəaliyyət göstərdikləri müddət ərzində (adətən 4 il ərzində) hissə-hissə verilir. Buna səbəb isə şirkətdə kadr potensialının uzun müddət fəaliyyət göstərməsinə stimul verməkdir. Yəni hansısa işçi bu iş yerinə 1 aylıq iş kimi baxmasın.

 

- Bu satınalmadan sonra Sizin şirkətdəki fəaliyyətinizlə bağlı nə kimi dəyişiklər gözlənilir?

- Satışdan sonra «Namo Media»da gördüyümüz işi «Twitter»in tərkibində davam etdirəcəyik. Nəticədə həm komandalar, həm də məhsul «Twitter»ə inteqrasiya olunacaq.

 

- Yeni bir startupa başlamaq fikriniz var? Bundan əvvəl də mobil reklam sahəsindəki bir proyektə çalışırdınız. Prioritet yeni mobil texnologiyalar olacaq, ya necə?

- Hələ ki, bu haqda düşünməmişəm. Amma bir qədər zaman keçdikdən sonra niyə də olmasın?

 





11.06.2014    çap et  çap et