Vaxt.Az

20 illik iş modeli çökür


 

“Google”dan internet saytlarına yeni zərbə

20 illik iş modeli çökür “Google”un süni intellekt funksiyası istifadəçilərin vebsaytlara klikləmə nisbətini azaldır, reklamlar isə artıq süni intellektin verdiyi xülasələrin içində yer alır.

“Google” ötən il həyata keçirdiyi alqoritm dəyişiklikləri ilə xəbər saytlarının və nəşrlərin axtarış sistemindən aldığı trafikin kəskin şəkildə düşməsinə səbəb olmuşdu. Texnologiya nəhəngi indi də onlayn nəşrlərə növbəti zərbəni süni intellekt xülasələri vasitəsilə vurur.

Dünyanın bir çox ölkəsində istifadəyə verilmiş “Google”un “Süni İntellekt Ümumi Baxış” funksiyası, “Google”un “ChatGPT” kimi süni intellekt vasitələri ilə rəqabət aparmaq məqsədilə təqdim etdiyi bir xidmətdir. Bu funksiya, axtarış nəticələrinin yuxarı hissəsində “Gemini” tərəfindən yaradılmış qısa xülasələri təqdim edir. Xülasənin altında istinad linkləri və “Daha çox göstər” seçimi yer alır.

Başqa sözlə, istifadəçi “Google” axtarış sisteminə sorğu yazdıqda, cavabı linklərə klikləmədən yuxarıda təqdim olunan xülasədən ala bilir. Bu isə, xüsusilə “Google Reklamları” gəlirlərinə və ənənəvi axtarış motoru optimizasiyasına (SEO) arxalanan vebsaytlar üçün ciddi təhlükə yaradır.

 

Populyar saytların trafiki azaldı

 

“Süni İntellekt Ümumi Baxış” funksiyasının istifadəyə verilməsi, xüsusən tətil bələdçiləri, sağlamlıq məsləhətləri və məhsul rəyləri kimi məzmunlara sahib saytların trafikinə ciddi təsir edib.

“Similarweb”in məlumatına görə, internet saytlarına axtarışdan gələn trafik 2022-ci ilin aprelindən 2025-ci ilin aprel ayına qədər 55% azalıb.

“The Wall Street Journal”ın iyun ayında dərc etdiyi xəbərə əsasən, dünya üzrə bir çox tanınmış xəbər saytlarında da trafik azalması müşahidə olunur. “HuffPost”un masaüstü və mobil versiyalarına orqanik axtarışdan gələn trafik son üç ildə yarıdan çox azalıb, “The Washington Post”da isə demək olar ki, eyni nisbətdə düşüş qeydə alınıb.

“Business Insider”ın baş direktoru Barbara Peng, may ayında işçilərinin təxminən 21%-ni işdən çıxarıb və bu qərarın səbəbi kimi “nəzarətimiz xaricində baş verən trafik itkisi”ni göstərib.

“The New York Times”ın masaüstü və mobil saytlarına orqanik axtarışlardan gələn trafikin payı 2025-ci ilin aprelində 36,5%-ə düşüb.

“The Atlantic”in baş direktoru Nikolas Tompson, “Google”dan gələn trafikin sıfıra doğru enəcəyini proqnozlaşdırır və şirkətin iş modelini yenidən qurmalı olduğunu bildirir. O, “Wall Street Journal”a müsahibəsində “Google axtarış mühərrikindən cavab mühərrikinə çevrilir” deyib.

 

İstifadəçilər linklərə klikləmirlər

 

“Google” rəhbərliyi isə şirkətin trafiki vebə yönləndirməkdə qərarlı olduğunu və “Süni İntellekt Ümumi Baxış” funksiyasından sonra istinad linklərinə klikləyən istifadəçilərin həmin saytlarda daha uzun müddət qalmağa meylli olduğunu iddia edir. Lakin aparılan sorğular fərqli mənzərəni göstərir.

 

“Pew Research Center”in yeni araşdırmasına görə, ABŞ-dakı 900 “Google” istifadəçisindən yalnız 1%-i süni intellekt xülasəsi olan bir nəticədə göstərilən istinad səhifəyə klikləyib. Digərləri isə “Google”un təqdim etdiyi qısa məlumatla kifayətləniblər.

Bundan əlavə, araşdırmaya əsasən, həm süni intellekt xülasələrində, həm də ənənəvi axtarış nəticələrində ən çox istinad edilən mənbələr “Wikipedia”, “YouTube” (yenə də “Google”a məxsusdur) və “Reddit” olub. Xülasələrdə yer alan mənbələrin 15%-i bu üç saytdan gəlir.

Süni intellekt xülasələrində dövlət saytlarına (“gov” domenli) yönləndirmə daha çox rast gəlinir. Lakin həm süni intellektli cavablarda, həm də klassik axtarış nəticələrində xəbər saytlarına yönləndirmə eyni səviyyədədir – 5%.

 

Bəzən əsas xəbərə link verilmir

 

Texnologiya xəbərləri ilə tanınan “404 Media” adlı sayt, süni intellektlə yaradılan musiqi mövzusunda hazırladığı bir xəbərin “Google”da axtarışda çıxmadığını fərq edib. Çünki “Süni İntellekt Ümumi Baxış” həmin məqalənin məzmununu xülasələyib, lakin əsas xəbərə heç bir link verməyib.

Sayt bu durumu belə ifadə edib: ““Süni İntellekt Ümumi Baxış”, məlumatın, mənbənin özünə heç vaxt kliklənməyəcək şəkildə təqdim edilməsini təmin edir.”

 

SEO artıq əvvəlki qədər effektiv deyil

 

“Register”in paylaşdığı son məlumatlara əsasən, süni intellekt xülasəsinin təqdim olunduğu axtarış nəticələrində ilk sırada çıxan saytın klikləmə nisbəti orta hesabla 34,5% azalıb. Yəni artıq “ilk səhifədə çıxmaq” o qədər də əhəmiyyət daşımır. Bundan əlavə, süni intellektin etibarlılığı ilə bağlı narahatlıqlar da artır.

“404 Media” tərəfindən yayımlanan bir araşdırmada, təqdim edilən cavabın əslində başqa bir süni intellekt xülasəsindən istehsal edildiyi, onun da yenidən süni intellekt mənbəyinə əsaslandığı ortaya çıxıb.

Məlumat əsas mənbədən uzaqlaşdıqca, səhv ehtimalı artır. Bu vəziyyət mütəxəssislər tərəfindən “süni intellekt modellərinin özünü yox etməsinə gətirib çıxaran informasiya qısır döngüsü” adlandırılır.

Keyfiyyətli informasiya mənbələri azaldıqca, istifadəçilər səhv və səthi süni intellekt məzmunları ilə baş-başa qalır.

 

Reklam sektoru hələ də “Google”a işləyir

 

İnternet saytlarının və “Google”un gəlirləri bu modelə əsaslanır: Saytlar, “Google” kimi axtarış mühərriklərindən gələn istifadəçilərə məzmunu pulsuz təqdim edir. İstifadəçilər bu məzmunla yanaşı reklamları da görür və saytlar bu reklamlardan pul qazanır.

“BBC”nin məlumatına görə, internetdə fəaliyyətin təxminən 68%-i axtarış mühərriklərindən başlayır və bu axtarışların 90%-ı “Google”da gerçəkləşir. Bu da saytların gəlir əldə etmək üçün böyük ölçüdə “Google”a bağlı olduğunu göstərir.

“Süni İntellekt Ümumi Baxış” rejiminin bu səbəbdən 23 ildir mövcud olan iş modelini dağıda biləcəyi bildirilir.

Lakin bu dəyişikliklər hələ ki “Google”a maddi zərər verməyib. “Google”un çətir şirkəti olan “Alphabet” 2024-cü ilin son rübündə rekord gəlir əldə edib. Şirkətin açıqlamasına görə, ümumi gəlir ötən ilə nisbətən 14% artaraq 96,4 milyard dollara çatıb. “Register”ə görə bu gəlirin böyük hissəsi hələ də reklamlardan gəlir: 54,2 milyard dollar.

Çünki “Google”, reklamları artıq birbaşa süni intellekt xülasələrinin içinə və ya ətrafına yerləşdirir.

“SparkToro”nun araşdırmasına əsasən, 2024-cü ildən etibarən ABŞ-da hər 1000 “Google” axtarışının yalnız 360-ı “Google”a aid olmayan və ya “Google”a reklam verməyən saytlara yönləndirilib. Süni intellekt xülasələrinin artması ilə bu göstəricinin daha da aşağı düşəcəyi gözlənilir.

 

“Tələb deyil, məcburiyyət”

 

“Google” hələ də bazarın lideri olsa da, “Perplexity” kimi süni intellekt dəstəkli alternativ axtarış motorları tədricən rəqabətə qoşulurlar.

“Bank of America” rəhbərlərindən Məhəmməd Rəsulnecatın fikrincə, “Google”un yalnız son rübdə infrastruktur sərmayəsinə 14 milyard dollar xərcləməsi artan tələbə deyil, rəqabət qarşısındakı çarəsizliyə işarədir.

Bütün bunlarla yanaşı, ABŞ Ədliyyə Nazirliyinin “Google”u hələ də inhisarçılıqda ittiham etməsi də əlavə təzyiq mənbəyidir. Nazirlik “Google”dan “Chrome” brauzerini satışa çıxarmasını belə tələb edə bilər. Şirkətin son reklam və süni intellekt addımları bu müzakirələri daha da qızışdıra bilər.

 





04.08.2025    çap et  çap et