Vaxt.Az

Süni intellekt medianı udur


 

“Google”un cavab mühərriki dövrü

Süni intellekt medianı udur 2024-cü ilin texnoloji yeniliklərindən biri səssiz, lakin dağıdıcı bir təməl dəyişikliyi ilə gəlir: “Google” artıq bir axtarış mühərriki deyil, cavab mühərrikinə çevrilir. Sadəcə bu deyimi belə götürsək, onun arxasındakı qlobal nəticələr zənciri özlüyündə bir media-inqilabdır. Bu inqilabın adı: “Süni İntellekt Ümumi Baxış” – süni intellektli xülasələr.

Bu sistemin iş prinsipi sadə görünür: istifadəçi bir məlumat soruşur, “Google” isə linklər yerinə “Gemini” tərəfindən hazırlanmış hazır cavab təqdim edir. Əlavə olaraq, istinad linkləri var. Amma bu istinadlara klikləyənlərin sayı cəmi 1%. Nəticə? Media saytları əvvəlki kimi trafik qazanmır, SEO anlamını itirir, reklam gəlirləri düşür və 20 illik vərdiş – “axtar, kliklə, oxu” – sona çatır.

 

Sual budur: İnformasiya hara gedir?

 

Əslində informasiya gedir... amma qaynağına deyil, xülasəyə. Və bu xülasə bəzən digər süni intellekt mənbələrindən, daha da dəqiq desək, öz-özünü təkrarlayan, doğruluğu şübhəli olan mənbələrdən gəlir. Yəni məlumat artıq orijinala əsaslanmır, öz-özünü yeyən bir “mənbə dəyirmi” yaratmağa başlayır. Mütəxəssislər buna “AI feedback loop” – süni intellektin informasiya qısır döngəsi deyir.

Bu döngə yalnız xəbərləri deyil, həm də ictimai şüuru, təhlil bacarığını və məlumatın keyfiyyətinə olan etimadı aşındırır.

 

Medianın sönən işığı

 

Baxın, “The New York Times”ın trafik payı 36%-ə, “HuffPost” və “The Washington Post” kimi nəhənglərin trafiki isə 50%-dən çox azalıb. “Business Insider” artıq işçilərinin 21%-ni ixtisar edib. “The Atlantic”in rəhbəri açıq deyir: ““Google”dan gələn trafik sıfıra enəcək”.

Bütün bu düşüş tək bir texnoloji funksiyadan qaynaqlanır: cavab artıq xəbərin içində deyil, xülasədədir.

“404 Media” öz yazısının “Google”da görünmədiyini aşkar edəndə bunun səbəbi xülasədə linkə yer verilməməsi idi. Qısaca: xəbəri sən hazırlayırsan, amma oxucu onu sənə klikləmədən oxuyur.

 

Reklam modeli çökür, amma... “Google” qazanır

 

İnternetdəki reklam ekosistemi belə işləyirdi: sən yazırsan, “Google” axtarışla ora trafik gətirir, oxucu məqaləni oxuyur, yanda da reklam görür və sayt pul qazanır. İndi isə bu mexanizm pozulub. Xülasədə artıq həm cavab var, həm də reklam. Və bu reklam yenə də “Google” üçündür.

Reallıq budur: “Google” məlumatı yaymır, onu alır, qısaltdır, xülasəyə çevirir və onun üstündə pul qazanır.

“Alphabet”in gəliri hələ də rekord səviyyədədir: təkcə son rübdə 96,4 milyard dollar. Onun 54,2 milyardı reklamlardan gəlir. Çünki reklamlar artıq xəbərin içində deyil, süni intellekt cavablarının ətrafındadır.

 

Bəs çıxış yolu nədir?

 

“The Atlantic” rəhbərinin fikri belədir: oxucu ilə birbaşa əlaqə qurmaq, sadəcə klikə deyil, dəyərə əsaslanan model qurmaq. Bəziləri isə “Google”un monopoliyasına qarşı alternativ platformalara – “Perplexity”, “Brave Search”, “Neeva” kimi yeni süni intellekt əsaslı axtarış sistemlərinə yönəlir.

Lakin bu da kifayət deyil. Medianın bir hissəsi məlumatın təhlilini, şərhini, kontekstini xilas etməli, öz orijinallığını və etibarlılığını dəyərləndirməlidir. Əks halda süni intellekt mənbələri bir-birindən xülasə götürən, amma heç nəyə əsaslanmayan boş təkrar zəncirinə çevriləcək.

 

Siyasi nəticələr də mümkündür

 

İnformasiya axını üzərindəki nəzarət media azadlığı, seçki prosesi, ictimai şüur baxımından da təhlükəlidir. Çünki artıq məlumatın kim tərəfindən istehsal olunduğu deyil, kim tərəfindən xülasə olunduğu əsasdır. Bu da təhrif, manipulyasiya, dəqiq olmayan “faktlar” dövrünə yol açır.

Yekun sual: “İnformasiya internetdə azalmır, əksinə çoxalır. Amma onu kim istehsal edir və kim udur?” Bugünkü medianın böhranı bunun cavabında gizlidir.

 





04.08.2025    çap et  çap et