Soçidə pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində neft terminalında baş verən güclü yanğın fonunda musiqi sədaları altında rəqs edərək video çəkən üç gənc polis tərəfindən nəzarətə götürülüb.
Rusiyanın Daxili İşlər Nazirliyinin Krasnodar vilayəti üzrə Mətbuat Xidməti hadisə ilə bağlı belə açıqlama verib: “Soçi Şəhər Polis İdarəsinin əməkdaşları bu gün ictimai qınağa səbəb olan video ilə bağlı görüntülərdəki şəxsləri müəyyənləşdirərək saxlayıb. Yaşları 19, 20 və 21 olan üç gənc Nijniy Tagildən Soçiyə gəlmiş turistlərdir.”
Gənclər barəsində “Fövqəladə hallar və təhlükə anlarında davranış qaydalarının pozulması” maddəsi ilə inzibati iş açılıb.
Hadisə ilə bağlı araşdırma başlanıb. Gənclər isə ifadələrində peşman olduqlarını bildiriblər.
Hadisə necə baş vermişdi?
Ukrayna qüvvələri, Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasına hücum təşkil etməsinə cavab olaraq, Rusiyanın Soçi şəhərinə PUA hücumu həyata keçirmişdi. Hücum nəticəsində şəhərdə yerləşən neft anbarında güclü yanğın baş vermişdi.