Nazirlikdən yayılan yazılı açıqlamada ABŞ-ın 2019-cu ildə “Orta Mənzilli Nüvə Qüvvələri” (INF) sazişindən çıxdığı xatırladılıb. Bildirilib ki, bu addıma baxmayaraq, Moskva uzun müddət təmkin nümayiş etdirməyə çalışıb.
“ABŞ və onun müttəfiqləri, orta və qısa mənzilli raket sistemlərini müxtəlif bölgələrdə yerləşdirmə planlarını sadəcə bəyan etməklə kifayətlənməyib, bu niyyətlərini praktikaya keçirmək istiqamətində də ciddi irəliləyiş əldə ediblər”, – deyə bəyanatda qeyd olunub.
Açıqlamada bu prosesin Rusiyanın milli təhlükəsizliyi üçün təhdid yaratdığı və bu səbəbdən müəyyən addımların zəruri hala gəldiyi bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, Moskvanın bu silahların yerləşdirilməsinə dair etdiyi xəbərdarlıqlar nəzərə alınmayıb: “Mövcud vəziyyət ABŞ istehsalı olan quru bazalı orta və qısa mənzilli raketlərin Avropa və Asiya-Sakit okean regionunda faktiki olaraq yerləşdirilməsi ilə nəticələnir. Bu səbəbdən Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, həmin silahların yerləşdirilməsinə dair birtərəfli moratoriumu davam etdirmək üçün artıq şərtlər yoxdur”.
Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin iyun ayında verdiyi açıqlamada bildirib ki, ABŞ orta və qısa mənzilli raketləri dünyanın müxtəlif nöqtələrinə yerləşdirməyə başlayıb.
Putin: “Biz də bu hücum sistemlərini istehsal etməyə başlamalıyıq və əgər zəruri olarsa, onları harada yerləşdirəcəyimizə qərar verməliyik”.
Xatırladaq ki, “Orta Mənzilli Nüvə Qüvvələri” (INF) sazişi ABŞ ilə keçmiş SSRİ arasında 1987-ci ildə imzalanmışdı. Razılaşmaya əsasən, 500–5500 km mənzilə malik və nüvə başlığı daşıya bilən raketlərin istehsalı və yerləşdirilməsi qadağan olunurdu.
ABŞ 2019-cu ildə bu sazişdən çıxdıqdan sonra Rusiya bəyan etmişdi ki, əgər ABŞ həmin silahları müxtəlif regionlara yerləşdirməsə, Moskva da bu istiqamətdə addım atmayacaq.