Vaxt.Az

3 şirkət məhkəməyə verildi


 

Almaniyada hava yollarına əl yükü səbəbilə iddia qaldırıldı

3 şirkət məhkəməyə verildi Almaniyada istehlakçı hüquqlarının müdafiəsi ilə məşğul olan “Almaniya İstehlakçı Mərkəzləri Federasiyası” (“vzbv”), əl yükünə görə haqsız ödəniş alan üç ucuz hava yolu şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Qurum, “EasyJet”, “Wizzair” və “Vueling” aviaşirkətlərini istehlakçıları çaşdırmaqda və uçuş bileti qiymətlərinə əlverişli ölçülü əl yükünü daxil etməməkdə ittiham edir.

“vzbv” tərəfindən yayılan açıqlamada bildirilib ki, “Ryanair” də daxil olmaqla, ümumilikdə 7 hava yolu şirkətinə xəbərdarlıq göndərilib. Lakin yalnız “EasyJet”, “Wizzair” və “Vueling” barəsində birbaşa hüquqi proses başladılıb. Qeyd olunub ki, məhkəmə prosesləri hazırda davam edir.

Əsas şikayətlərdən biri odur ki, bu şirkətlər tərəfindən tətbiq olunan əlavə ödəniş siyasəti səbəbilə sərnişinlər yalnız çox kiçik ölçülü çanta daşıya bilirlər. Daha iri və ya ikinci bir əl yükü üçün isə əlavə pul ödənilməsi tələb olunur. Avropa miqyasında milyonlarla sərnişin bu praktikalardan təsirlənir.

“vzbv” məhkəməyə təqdim etdiyi iddiada, Avropa Ədalət Məhkəməsinin (ABAD) 2014-cü ildə çıxardığı qərarı əsas götürür. Həmin qərara görə, mümkün ölçü və çəkidə olan əl yükü uçuşun ayrılmaz hissəsidir və buna görə də əlavə ödəniş tələb olunması qanunsuz sayılır.

Həmçinin, əl yükü təhlükəsizlik qaydalarına uyğun olduqda hava yolu şirkətləri tərəfindən ödənişsiz daşınmalıdır.

 





05.08.2025    çap et  çap et