Hotellərin əsas arqumenti ondan ibarətdir ki, “Booking.com” həm komissiya haqları, həm də ödəniş kəsintiləri ilə birlikdə, hotellərin öz veb saytlarında daha ucuz qiymət təklif etməsinə mane olub. Məsələn, Almaniyadakı hotellər hər 100 avroluq rezervasiyadan yalnız 83–87 avro arası gəlir əldə edə bildiklərini bildirirlər.
“Booking.com”un qiymət diktəsinə Avropa məhkəməsindən qadağa
“Booking.com” uzun illər boyu hotellərlə bağladığı müqavilələrə “ən yaxşı qiymət zəmanəti” maddəsi əlavə edib. Bu şərtə əsasən, hotellər öz saytlarında “Booking” platformasındakı qiymətdən aşağı təklif verə bilməzdi. Əks halda, onlar platformadan çıxarılmaq riski ilə üzləşirdilər.
Lakin Avropa Ədalət Məhkəməsi (ABAD/EuGH) 2024-cü ilin payızında qərar çıxararaq bu praktikanı rəqabət hüququna zidd hesab etdi. Qərardan sonra “Booking.com” Avropa İqtisadi Zonası ölkələrində bağladığı müqavilələrdən həmin maddəni çıxarmağa məcbur oldu.
20 illik zərər tələb olunur
“Hotrec” adlı Avropa hotel federasiyasının prezidenti Aleksandros Vassilikos bildirib: “Avropalı hotelçilər illərlə ədalətsiz şərtlərlə işləməyə məcbur qaldı. İndi 2004–2024-cü illər arasındakı zərərlər bərpa olunmalıdır”.
Hotellər bu 20 illik dövr ərzində yaranmış zərərin “Booking.com” tərəfindən ödənilməsini tələb edirlər. İddia şirkətin qərargahı yerləşən Amsterdamda qaldırılıb. Məhkəmə prosesini “Hotel Claims Alliance”, “Hotrec”, “Almaniya Hotelçilər Assosiasiyası” (IHA) və daha 30-dan çox milli birlik birlikdə əlaqələndirir.
Hotellər asılıdır, amma hesab soruşurlar
“Booking.com” hələ də Avropa hotelləri üçün əvəzolunmaz satış platforması olaraq qalır. Şirkət 70 faizdən çox bazar payına sahib olduğu üçün, hotellər geniş müştəri kütləsinə çıxış imkanı əldə edirlər. Lakin bu asılılıq, hotellərin öz satış kanalları üzərindəki nəzarətini zəiflədir.
Almaniyada 2013–2023-cü illər arasında, hotellərin birbaşa rezervasiya dərəcəsi təxminən 8 faiz azalıb. IHA-nın baş direktoru Markus Lute, “Toplu iddiada iştirak çox yüksəkdir. Bu mübarizə birlikdə aparılmalıdır”, – deyib.
Məhkəməyə qoşulmaq üçün son müraciət tarixi 29 avqustdur.