Dəyərli ziyalı, riyaziyyatçı, elmi, ünsiyyət üslubu qüsursuz olan Cavanşir Qara Ismayıl “İbrahim bəy, bu faşistdən sitat (özü də yanlış) gətirməyiniz məni təəccübləndirir”, – deyə bir şərh yazdı.
Yol gedirdim, uzun bir cavab yazmağa imkanım olmadığından Tsiolkovskidən gətirdiyim iqtibasın (sitatın) müzakirəyə açıq olduğunu bildirdim. Ancaq yol boyu hörmətli Cavanşir müəllimin “bu faşistdən sitat gətirməyiniz” sözlərini düşündüm. Bu dəfə də o məni təəccübləndirmişdi. Çünki xeyli vaxtdır dialoq halında olduğum bu aydın insan yaxşı bilir ki, mən hansısa bir irqçi, faşist, separatçı cərəyanlara əks qütbdə dayanan biriyəm.
Düşündüm ki, Cavanşir müəllimlə mövzunu genişlətdirmək lazımdır. Məqsədim məndən yaşça böyük olan bu möhtərəm insanla söz güləşdirmək deyil, əksinə, onun etiraz etdiyi fikri müzakirə edərək konsesnsusa gəlməkdir…
Cavanşir müəllim də yaxşı bilir ki, Tsiolkovski kosmonavtikanın nəzəri məsələləri üzərində çalışan insan olub. Rus mənbələr onu rus və sovet alimi adlandırırlar, ancaq o əslən rus deyil, Yastrşembets adlı polyak zadəganları nəslindəndir.
Tsiolkovski sistemli orta təhsil almayıb, evdə öz-özünə məşğul olub, 22 yaşında imtahan verərək xalq müəllimi adını qanaraq Rusiyanın müxtəlif şəhərlərində riyaziyyat və fizika dərsi verib. O illərdə təyyarə və dirijabl, daha sonra da raket texnologiyaları üzərində çalışıb.
Tələbə vaxtı Tsiolkovskinin kosmik panteizm ideyası haqda müəyyən qədər ədəbiyyat oxumuşdum. Bu mütaliələrim onun ideyalarına olan xüsusi maraqdan qaynaqlanmırdı, sadəcə bu sahə haqqında oxumağa yox deyəcək qədər az ədəbiyyat var idi.
Kosmik panteizm ideyası
Kainatı və onun qanunlarını Tanrı ilə eyniləşdirən və kainatı müqəddəs bir bütün kimi qəbul edən fəlsəfi-dini dünyagörüş mənim çox da rəğbət etdiyim şey deyildi. Məsələnin dini aspektini hələ anlamış deyildim o vaxt, – ateist bir ölkədə belə ciddi mövzularda fikir yürütmək çox da korrekt olmazdı (oxu: cəsarətim çatmazdı).
“Tanrı və Kainat eyni mahiyyət daşıyır. Tanrı Kainatdan kənar ayrı varlıq deyil, bütün kosmosun ruhu və ya təbiətin özü kimi mövcuddur; Bəşəriyyət və Kainat bir-birinə daxildir. İnsan sadəcə kainatın bir parçasıdır və onun inkişafı da kosmik qanunlara tabedir; Təbiət müqəddəsdir. Hər şey – ulduzlar, planetlər, canlı varlıqlar – bir ilahi bütövlüyün ifadəsidir”.
Tsiolkovskinin bunun kimi fikirləri 20 yaşlı gəncə “yapışa” bilməzdi. Və mən “bütün xəyalpərəstliyimə” baxmayaraq Tsiolkovskini özümə heç vaxt yaxın bilmədim. O mənim qəhrəmanım deyildi…
Buraya qədər yazdıqlarımla mənim bir Tsiolkovski heyranı olmadığımı ifadə edə bildiyimi düşünürəm. Hərçənd ki, kitabını Ana dilinə tərcümə etdiyim, özünü də dahi bir mühəndis və kosmik texnologiyalarda inqilab etmiş, görkəmli kosmos sənayesi təşkilatçısı İlon Mask Tsiolkovskiyə dərin hörmətlə yanaşır və alimin fikirlərinin ona ilham verdiyini dilə gətirir.
Tsiolkovski mənim “qəhrəmanlar siyahımda” nəinki çox aşağılardadır, ümumiyyətlə orada heç yoxdur. Mənimki məktəbli ikən oxuduğum onun elm-fantastik kitablarındakı fantastik təşəbbüsləri – orbital kosmik stansiyalar utopiyası (ki bu utopiya gerçək oldu), kosmik lift, hoverkraft qatarları ideyaları idi. Mən də Tsiolkovski kimi inanırdım ki, planetlərdən birində həyatın inkişafı bir gün elə bir gücə və kamilliyə çatacaq ki, bu, cazibə qüvvələrinə qalib gəlməyə və bütün Kainata həyatı yaymağa imkan verəcək. Və mən buna günü bu gün də inanıram.
Tsiolkovski inanırdı ki, insanoğlunun Kosmosda məskunlaşması Bəşəriyyətin inkişafında ən zəruri mərhələdir. Mən də onun bu ezoterik utopiyasına inananlardanam. Bu utopiya olmasaydı raket və kosmik texnologiyaların indiki səviyyəsi əlçatmaz bir şey olardı. Ən əsası isə tarix boyu milyardlarla Bəşər övladının uşaqlıq xəyalları elə xəyal olaraq da qalardı.
İnsanoğlunun planetlərarası səyahət edən ilk növ olması və kosmosda məskunlaşması ideyasını ruslar zorla Tsiolkovskinin adına yazır, hər zamankı kimi şoven duyğularla hərəkət edirlər. Halbuki insanoğlu yarandığı gündən baxışlarını göylərə çevirmiş, ağlasığmaz xəyallar qurmuşdur. Ancaq Elm və Kosmonavtika tarixinə baxanda neçə-neçə nəhəng alimlər, mühəndislər görürük ki, bizim gənclik illərində onların adları dilə gətirilmirdi. Çünki sovetlər ancaq rusları plana çəkirdilər, kosmos deyəndə tutuquşu kimi yalnız üç nəfərin adını çəkirdilər: “Tsiolkovski, Korolyov, Qaqarin… Tsiolkovski, Korolyov, Qaqarin…”
Lakin Qərb dünyasındakı dahi alim və vizionerləri tarixdən necə silmək olar?
Heç mümkündürmü?
Robert Qoddard (1882 – 1945) – Raket elminin banisi, maye yanacaqla ilk raketi hazırladı;
Hermann Obert (1894 – 1989) – Kosmik səyahətin nəzəri əsaslarını işləyib hazırladı, “Raketlə Kosmik Məkana” əsəri gələcək nəsillərə ilham verdi;
Vernher von Braun (1912 – 1977) – NASA-nın Apollo proqramının memarı, Aya ilk insan missiyasına imkan verən Saturn V raketinin yaradıcısı;
Cerard K. O’Nill (1927 – 1992) – Kosmosda nəhəng yaşayış strukturlarının konsepsiyasını – “O’Neill silindrləri”ni hazırladı;
Karl Saqan (1934 – 1996) – Bəşəriyyətin çoxplanetli gələcəyi ideyasını populyarlaşdırdı, “Kosmos” kitabı və TV-dəki proqramları milyonlara kosmos sevgisi aşıladı;
İlon Mask (2002 – ...) – Marsda koloniyalar yaratmaq məqsədi ilə kosmosun kommersiya və müstəmləkə dövrünü başlatdı, Starship layihəsi ilə mənim və mənim kimi milyonlarla insanın xəyallarını reallığa yaxınlaşdırdı.
Mənim qəhrəmanım Verner fon Braundur (alm: Werner Magnus Maximillian Freihher von Braun, 1912-1977) – görkəmli alman və amerikan konstruktoru, 1955-ci ildən Amerikanın raket-kosmik texnikasının banilərindən biri, raketqayırmanın əsasını qoyan nəhəng alim və mühəndis, ilk ballistik raketlərin yaradıcısı, ABŞ kosmik proqramının “atası”, 1943-1945-ci illərdə alman ordusunun zabiti, SS şturmbannfüreri.
[Onun haqqında qələmə aldığım üç böyük yazını böyük sevgi və minnətdarlıqla “Gələcək Çox Tez Gələcək” kitabıma salmışam. Kitabdakı mənə ən əziz və anlamlı yazılardan biridir…
***
Tsiolkovskiyə “faşist” demək nə dərəcədə korrektdir?
Mübahisəli məsələdir, Cavanşir müəllim.
Çünki Tsiolkovski heç vaxt siyasi faşizm hərəkatına qoşulmayıb. Baxmayaraq ki, onun bəzi yazılarında sosial darvinist fikirlər irəli sürdüyü dəqiqdir. O, bəzən insanlığın gələcək inkişafı üçün “zəif fərdlərin təbiət tərəfindən kənarlaşdırılmasını” və “üstün insanların yaradılmasını” vurğulayırdı. Bu da sonralar bəzi yazarlar tərəfindən faşist ideologiyasına bənzədilibdir.
Tsiolkovskinin bəzi baxışları həmin dövrdə Avropada yayılan “Yevgenika” (ing. Eugenika – nəsil təmizlənməsi) ideyaları ilə üst-üstə düşürdü. Eugenika — insan nəslinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə genetik və irsi xüsusiyyətlərin “seçilmiş” şəkildə inkişaf etdirilməsi ideyasıdır. Bu termin 19-cu əsrin sonlarında ingilis alim Frensis Qalton tərəfindən işlədilib. Eugenikanın əsas ideyaları birmənalı deyillər:
– “Üstün” xüsusiyyətlərə (sağlamlıq, zəka, güc və s.) malik insanların nəsil artırması təşviq edilməli;
– “Zəif” və ya “arzuolunmaz” xüsusiyyətləri olan insanların çoxalmasının qarşısının alınması.
Bu ideyalar 20-ci əsrin əvvəllərində ABŞ və Avropada populyar olublar. Hətta bəzi ölkələrdə məcburi sterilizasiya qanunları qəbul edilib. Nasist Almaniyası “Aryan irqinin təmizlənməsi” adı ilə ideyanı radikal şəkildə həyata keçirdi, bu isə Eugenikanı faşizm ideologiyası ilə eyni yerə qoydu. Müaisr dövrdə Gen mühəndisliyi, Prenatal testlər, “Dizayner uşaqlar” kimi texnologiyalar bir çox hallarda eugenika ilə əlaqələndirilsə də bu mövzu müxtəlif etik mübahisələr yaradır.
Tsiolkovskinin rasizmlə bağlı qeydləri də xeyli mübahisəlidir. Bəzi şəxsi yazılarında o, bəşəriyyəti “daha üstün” və “daha aşağı” inkişaf pilləsində olan qruplara bölürdü. Bu da eugenika ideyaları ilə səsləşirdi.
Bütün bunlarla yanaşı Tsiolkovski üçün bu, siyasi doktrina yox, daha çox “kosmik utopiya” idi – o, bəşəriyyətin ulduzlara doğru inkişafını arzulayırdı. Buna görə də onu birbaşa faşist adlandırmaq, ən azı, ədalətli deyil.
Sovet hakimiyyəti onun elmi irsini ucaltsa da bəzi radikal-fəlsəfi fikirlərini görməzdən gəldi. İndi həmin mətnlər tapıldıqca, bəziləri bunu “faşizmə simpatiya” kimi təqdim edir. Əslində isə Tsiolkovski heç vaxt siyasi faşizmi dəstəkləməyib, onun nasiszm ideologiyası ilə heç bir əlaqəsi olmayıb. İdeyaları daha çox utopik kosmik sivilizasiya düşüncəsindən doğmuşdu və bu, ideologiyadan çox elmi-fəlsəfi fantaziya idi.
***
Qeydlərimin elmi tərəfinə gəlincə…
Bu yazdıqlarımın ən lazımlı tərəfi də Cavanşir müəllimin Tsiolkovskinin zaman anlayışı haqqındakı iqtibasını “yanlış” adlandırmasına cavab olaraq paylaşmaq istədiyim fikirlərimdir.
Tsiolkovskidən gətirdiyim sitat zamanın təbiəti ilə bağlı dərin elmi, fəlsəfi suallar doğurur. Zənnimcə, zamanın mövcudluğu barəsindəki düşüncələr fizika ilə metafizika arasında körpü yaradır. Əgər zaman həqiqətən təbiətdə varsa, onun mahiyyətini tam kəşf etmək üçün hələ çox araşdırmalara ehtiyac var.
Təsadüfi deyil ki, Eynşteynin nisbilik nəzəriyyəsi zamanı məkanla bağlı dördüncü ölçü kimi təsvir etsə də, onun dərin mahiyyəti hələ də sirr olaraq qalır. Tsiolkovskinin sitatı da məhz zamanın fiziki və fəlsəfi tədqiqatlarında hələ də açıq qalan suallar olduğunu vurğulayır.
Tsiolkovskinin sitatı fəlsəfi baxımdan maraqlıdır, amma müasir fizikanın zaman anlayışı ilə tam uzlaşmır. Bunu açıqlamağa çalışım:
1. Tsiolkovskinin dövründə “zaman” daha abstrakt idi
Alim zaman və məkan haqqında Eynşteynin nisbilik nəzəriyyəsinin yeni qəbul olunduğu vaxtda baş sındırırdı. O, zamanın “hardasa mövcud olan, amma tam mahiyyəti anlaşılmayan bir şey” olduğunu deyirdi. Bu, o dövrdə bir çox alimin ümumi fəlsəfi baxış idi.
2. Müasir fizikanın yanaşması
Nisbilik nəzəriyyəsinə görə zaman və məkan bir bütöv “məkan-zaman” toxumasıdır. Yəni zaman “haradadır?” sualı fiziki məna daşımır – zaman məkanla birgə var olan bir ölçüdür.
Zamanın “kəşf olunmamış” olması fikri isə bugünkü elmi düşüncəyə uyğun deyil. Zaman müşahidə olunan, ölçülə bilən (saatlarla, atom saatları ilə), proqnozlaşdırıla bilən bir anlayışdır.
3. Filosoflar hələ də müzakirə edirlər
Modern fizika belə bir sual qoyur: “Zaman fundamental reallıqdır, yoxsa sadəcə hadisələrin ardıcıllığını təsvir edən bir parametr?” Kvant cazibəsi və kosmologiyada bəzi nəzəriyyələrdə zamanın mahiyyəti hələ də tam aydın deyil. Bu baxımdan, Tsiolkovskinin fikri qismən fəlsəfi mübahisələrlə üst-üstə düşür.
Beləliklə, Elm deyir ki, zaman var, ancaq o, kəşf olunmayıb iddiası yanlışdır.
Fəlsəfi baxımdan isə zamanın mahiyyəti hələ də tam başa düşülmədiyi üçün Tsiolkovskinin fikrini bir metafora kimi qəbul etmək olar.
Cavanşir müəllimə olan hörmətimdəndir ki, sabahımı onun yazdığı şərhə ayırdım.
Bu səbəbdən də dəyərli ziyalımıza təşəkkür edirəm, çünki onun bu sərt “pası” olmasaydı mən bu həcmdə Tsiolkovski yazısı yazmazdım. Axı o, mənim qəhrəmanım deyil…