Yubiley yaşına çatdın, amma baxanda o yaşı sənə vermək olmur – elə 35 il əvvəl tanıdığım o hiperaktiv, işgüzar, çalışqan, odlu-alovlu, xarizmatik Mehribansan. Sən hər zaman bütün enerjini işinə yönləndirən, sevdiyi işi sevdirən, ortaya çıxardığın filmlərin, ssenarilərin, tamaşalarınla insanı heyran edən biri olmusan.
Yaxından tanıyanlar üçün sən həm istedadlı rejissor, həm də içində uşaq kimi saf qalan bir dostumuzsan. Bəzən sərt görünsən də ürəyinin necə incə olduğunu səni yaxından tanıyanlar çox yaxşı bilirlər. İşinə olan sevgindir səni belə gözəl, güclü, dönməz saxlayan.
Güclü Şir bürcü qadınları fitri liderlik xüsusiyyətlərinə malikdirlər. Cəsarətli və həmişə özünə güvənirlər, məsuliyyətlidirlər, tanınmağa can atır, diqqət mərkəzində olmaqdan həzz alırlar. Şir bürcünün tərifini sanki sənə baxıb yazıblar. Bu səbəbdən də fərqlisən, istedadlısan.
Yubileyini təbrik edir, sənə olan çoxsaylı arzu və diləklərimi ixtisarla bu şəkildə dilə gətirirəm:
Səhnən hər zaman canlı olsun, tamaşaçıların hər dəfə tamaşalarını ayaq üstə alqışlasın;
Hər çəkdiyin kadr mükəmməl bir tabloya çevrilsin, hər ssenarin yaddaşlarda iz buraxsın;
Həyat pərdən heç vaxt enməsin, səhnə işıqların daim yansın;
Kadr arxasında yox, hər zaman ön planda olasan – ulduz kimi parlaq;
“STOP” deyən günün olmasın, daim “MOTOR” deyib meydançanı lərzə gətirəsən;
Ömrün bitməyən bir serial kimi, hər bölümü əvvəlkindən daha maraqlı olsun;
Həyatında hər daim sevinc və mutluluq səhnələri oynansın, kədər səhnələrin montajda kəsilib atılsın.
Mübarəksən!