Vaxt.Az

“Nüvə müharibəsinin qalibi olmaz”


 

Peskov: “Hamı bu ritorikada çox ehtiyatlı olmalıdır”

“Nüvə müharibəsinin qalibi olmaz” Kremlin sözçüsü Dmitri Peskov, Moskvada jurnalistlərə gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.

O, ABŞ Prezidenti Donald Trampın, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin nüvə silahları ilə bağlı bəyanatından sonra verdiyi “hazırlıqlı olmaq lazımdır və bu məqsədlə iki nüvə sualtı qayığı lazımi mövqeyə yerləşdirilib” açıqlamasını şərh edib.

Peskov qeyd edib ki, “Amerika sualtı qayıqları onsuz da döyüş növbətçiliyindədir və bu, davam edən bir prosesdir. Bu müzakirəyə daxil olmaq və bu barədə şərh vermək istəmirik. Nüvə məsələlərinə bağlı açıqlamalara diqqətlə yanaşırıq. Rusiya bu məsələdə məsuliyyətli davranır. Prezident Vladimir Putinin bu sahədəki mövqeyi hər kəsə yaxşı məlumdur. Nüvə silahlarının yayılmaması məsələsinə böyük əhəmiyyət veririk. Hamının nüvə ritorikası ilə bağlı çox ehtiyatlı davranmalı olduğunu düşünürük”.

Peskov eyni zamanda nüvə gərginliyi olmadığını, hazırda çətin və həssas mövzuların müzakirə olunduğunu, lakin bu məsələlərə “çoxları tərəfindən emosional reaksiya verildiyini” də bildirib: “Nüvə müharibəsinin qalibi ola bilməz. Bu, məsuliyyətli yanaşma tələb edən bir sahədir”.

***

Peskov, ABŞ Prezidenti Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiyaya mümkün səfəri və Putinlə görüş ehtimalına dair suala da cavab verib: “Belə bir görüşü istisna etmirik. Vitkoffu Moskvada qəbul etməkdən və təmasları davam etdirməkdən məmnun olarıq. Onunla əlaqələrin əhəmiyyətli, əhatəli və faydalı olduğunu düşünürük.”

Peskov bildirib ki, ABŞ, Ukrayna böhranının həlli istiqamətində vasitəçilik təşəbbüslərini davam etdirir. Onun sözlərinə görə, bu cəhdlər Rusiya və Ukrayna arasında davam edən birbaşa danışıqlar prosesi kontekstində mühüm rol oynayır.

“Siyasi və diplomatik vasitələrlə böhranın həlli fikrinə sadiq qalırıq”, – deyə Kremlin sözçüsü vurğulayıb.

 

Putin–Zelenski görüşü gündəmdə deyil

 

Peskov, Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında mümkün görüş məsələsinə də toxunub: “Belə bir görüş üçün hazırda heç bir hazırlıq işləri aparılmayıb. Prezident Putin də bildirir ki, mütəxəssislər səviyyəsində lazım olan texniki hazırlıqlar və irəliləyiş əldə olunmadan belə bir görüşün keçirilməsi real deyil”.

 





05.08.2025    çap et  çap et