Düsseldorfda yerləşən müdafiə şirkəti dünən açıqlamasında bildirdi ki, müqavilə çərçivəsində dəyişdirilə bilən konteyner sistemləri olan 963 ədəd və zirehsiz, aşağı riskli bölgələrdə istifadə üçün nəzərdə tutulan 425 ədəd yük maşını (UTV) tədarük ediləcək.
Bu xəbər “Rheinmetall”ın səhmlərinin təxminən 3% bahalaşmasına səbəb oldu.
“Rheinmetall MAN Military Vehicles” şirkətinin İdarə Heyətinin sədri Andre Bartel, “Bundeswehr”in etibarlı tərəfdaşı kimi əlavə vasitələr təqdim etməkdən və silahlı qüvvələrin hərəkətlilik və əməliyyat hazırlığına dəstək olmaqdan məmnunuq”, – deyib.
Şirkət “MAN Truck & Bus” ilə “Rheinmetall”ın birgə müəssisəsi kimi fəaliyyət göstərir.
Sifarişlər üçüncü rübdə qeydə alınacaq və çatdırılmalar 2025-ci ilin sonuna qədər tamamlanacaq.
“Rheinmetall” Avropadakı artan müdafiə xərclərindən ən çox faydalanan şirkətlərdən biri olub. Bu ilin əvvəlindən şirkətin səhmləri 190%-dən çox dəyər qazanıb.
Rusiya-Ukrayna münaqişəsi “Rheinmetall” məhsullarına olan tələbatı əvvəlcə artırmışdı. İndi isə sərmayəçilər hərbi avadanlığa ayrılan dövlət xərclərinin artımından gəlir gözləyirlər.
Xüsusilə ABŞ Prezidenti Donald Trampın təzyiqləri Avropanın müdafiə potensialını gücləndirmək üçün addımlar atmasına təkan verib. Bu kontekstdə Almaniya sərt borclanma qaydalarını yumşaldaraq investisiyaların asanlaşmasına razılıq verib.
“Bundeswehr” hazırda texnologiyasını yeniləmək üçün geniş modernləşmə mərhələsindədir. Almaniya 2029-cu ilə qədər müdafiə xərclərini ÜDM-in 3,5%-inə qaldıracağına söz verib.
Bu il NATO ittifaqı isə 2035-ci ilə qədər müdafiə xərclərinin ÜDM-in 5%-inə çatdırılması barədə razılığa gəlib.