Polşa Müdafiə Nazirliyinin həyata keçirdiyi bu proqramın məqsədi gənclər arasında hərbi xidmətin cazibədarlığını artırmaq və ölkənin ehtiyat əsgər bazasını genişləndirməkdir. Təxminən bir ay davam edən və maaşlı olan bu proqram könüllü əsaslarla həyata keçirilir.
Gənclər bir ay ərzində əsgərlik həyatı yaşayır
18-20 yaş arası iştirakçılar Polşa Silahlı Qüvvələrinə məxsus hərbi hissələrdə 27 gün təlim keçir. Bu müddət ərzində gənclərə atıcılıq, taktiki hazırlıq, sahə məşqləri və hava hücumundan müdafiə dərsləri kimi müxtəlif sahələr üzrə təlimlər verilir. Proqramın sonunda onlara rütbə verilir və istəsələr ehtiyat heyətə daxil edilə bilirlər.
Beynəlxalq təhlükəsizlik sahəsində magistr təhsili alan 29 yaşlı Mixal Pikut təlimlərin çətinliyindən danışıb. Kamuflyajlı üzlə və hərbi geyimdə müsahibə verən Pikut, qum örtüklü ərazidə sursat sandığını daşıdıqdan sonra ayaqda durmaqda çətinlik çəkdiyini bildirib. Gənc, yaşadıqlarını belə ifadə edib: “Bu, tətil deyil – intensiv hərbi hazırlıqdır. Uğur qazanacağımı düşünmürdüm. Hələlik huşunu itirən olmayıb, amma gün hələ təzə başlayıb.”
Maaş – 1 400 avro
Leytenant Mixal Gelej, proqramın yay mövsümündə işləmək istəyən gənclər üçün “yaxşı bir alternativ” olduğunu deyib. Onun sözlərinə görə, proqramı uğurla tamamlayanlara 1 400 avro məbləğində ödəniş edilir.
Varşava Universitetində təhsil alan 19 yaşlı Qoran Meredit də həm yay tətili dövründə olması, həm də verilən maaş səbəbilə bu proqramda iştirak etdiyini bildirib.
“Ukraynadan dərs almalıyıq”
Rusiya-Ukrayna müharibəsindən sonra Polşa 2022-ci ildə yeni milli təhlükəsizlik qanunu qəbul edərək ordu sıralarını genişləndirmək məqsədi qoyub. Həmin ildən etibarən könüllü hərbi xidmət proqramı yenilənib və 2023-2024-cü illərdə 90 min nəfərlik könüllü toplanıb.
Bundan başqa, Müdafiə Nazirliyi məktəblərdə hərbi təlimlər, həftə sonu mülki düşərgələr təşkil edir və sosial şəbəkələrdə aktiv kampaniyalar aparır.
Polşanın Baş naziri Donald Tusk mart ayında verdiyi açıqlamada bildirib ki, 2027-ci ilə qədər könüllü hərbi hazırlıq proqramlarının miqyası genişləndiriləcək və hər il 100 min nəfəri əhatə edəcək.