İlulissat şəhərinin bələdiyyə sədri Lars-Erik Qabrielsen bildirib ki, kruiz turizminin artması şəhərdə ciddi narahatlıq yaradıb. Yerli turoperatorlar deyirlər ki, böyük turizm şirkətləri onları oyundan kənarda qoyub və onların kiçik gəmi filoları limanda boş dayanır.
Qabrielsen bu vəziyyətə cavab olaraq əhalini kruiz gəmilərinə qarşı etiraza səsləyib. Lakin bu çağırış Qrenlandiya hökuməti tərəfindən sərt tənqid edilib.
Hökumət: “Turizmi sabotaj etmə”
Qrenlandiyanın Biznes və Sənaye naziri Naaya Natanielsen, bələdiyyə sədrini turizmi sabotaj etməkdə ittiham edib. Onun sözlərinə görə, Qabrielsen “vəzifəsini aktivist mövqeyi ilə qarışdırıb”. Nazir bildirib ki, bəzi kruiz şirkətləri səfərlərini artıq ləğv ediblər. Ötən il isə bənzər səbəblərlə bir gəmi limana buraxılmayıb.
Ənənəvi olaraq balıqçılığa əsaslanan Qrenlandiya iqtisadiyyatında iqlim dəyişikliyi və əriməkdə olan buzlaqlar fonunda turizm yeni gəlir mənbəyinə çevrilir. Danimarkadan siyasi və iqtisadi müstəqillik istəyən Qrenlandiya üçün turizm mühüm rol oynayır.
ABŞ da bölgəyə marağını artırıb. Donald Trampın 2019-cu ildə Qrenlandiyanı “satın almaq” fikrindən sonra bu yay Nyu-York–Nuuk arasında birbaşa reyslər açılıb. İlulissatda isə yeni beynəlxalq hava limanı inşa edilir.
“Yerli” anlayışı: Mübahisənin mərkəzi
“Arctic Expedition Cruise Operators” (“AECO”) təşkilatı bildirib ki, ötən il İlulissatda yerli icmalarla çoxsaylı görüşlər keçirilib. Qurum yaranmış böhranı “yerli dinamiklər”lə izah edib.
“Visit Greenland” şirkətinin rəhbəri Anne-Nivika Qrodem isə gərginliyi narahatedici adlandırıb. Onun fikrincə, bu mübahisə həm sakinlərə, həm də turistlərə mənfi təsir edir.
Qrenlandiya Biznes Assosiasiyasının direktoru Kristian Keldsen isə mübahisənin kökündə “yerli şirkət” anlayışına dair fikir ayrılığı olduğunu deyib: “Qanunvericilik baxımından burada fəaliyyət göstərən bütün şirkətlər Qrenlandiya mənşəlidir. Lakin onların bəzilərinin sahibləri Danimarkada və ya başqa ölkələrdə yaşaya bilər”.