Vaxt.Az

Amsterdamdan Kiyevə böyük jest


 

Hollandiya PURL mexanizmini dəstəkləyən ilk NATO dövləti oldu

Amsterdamdan Kiyevə böyük jest Hollandiya, NATO-nun “Ukraynanın üstün prioritetli tələbat siyahısı” (PURL) adlandırdığı yeni proqram çərçivəsində Ukraynaya dəstək verən ilk ölkə olduğunu açıqlayıb.

“Hollandiya Müdafiə Nazirliyi”nin yaydığı bəyanata görə, Ukraynanın ehtiyaclarına uyğun olaraq hazırlanmış hava hücumundan müdafiə avadanlıqları, sursat, eləcə də digər əsas hərbi ləvazimatlardan ibarət 500 milyon avro dəyərində yeni dəstək paketi təqdim ediləcək.

Nazirliyin məlumatında bildirilib ki, Hollandiya bu addımı ilə ABŞ silahlarının Ukraynaya tədarükünü nəzərdə tutan NATO mexanizmi çərçivəsində Ukraynaya dəstək verən ilk müttəfiq dövlət kimi çıxış edir.

Proqramın əsas məqsədi Ukraynaya hərbi yardımın daha uzunmüddətli və koordinasiyalı şəkildə həyata keçirilməsidir.

 

Təchizat sürətlə davam edəcək

 

Məlumata əsasən, PURL çərçivəsində hazırlanmış iki dəstək paketi bu ay ərzində Ukraynaya çatdırılacaq. Ardınca isə hər iki-üç həftədən bir yeni hərbi texnika və avadanlıq göndəriləcək.

Nazirlik qeyd edib: “Avadanlıqların sürətli çatdırılması Ukraynanın gələcək sülh danışıqları masasında mövqeyini gücləndirəcək”.

Hollandiyanın müvəqqəti hökumətinin baş naziri Dik Şuf “X” sosial şəbəkəsində yazıb ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefonla danışıb: “Zelenski, Hollandiya tərəfindən vəd edilən 500 milyon avroluq hərbi yardım paketinə görə minnətdarlığını bildirdi. Hollandiya, NATO və ABŞ arasında Ukrayna üçün hazırlanmış Amerika istehsalı hava hücumundan müdafiə sistemlərinin alınmasına dair razılaşmaları ilk icra edən ölkə oldu.”

 

Rutte: “Bu dəstəyə görə minnətdaram”

 

NATO-nun Baş katibi Mark Rutte isə Hollandiya hökumətinin qərarını alqışlayaraq deyib: “Müttəfiq ölkələrə Ukraynaya təcili lazım olan hərbi texnikanı təmin etdiklərinə görə təşəkkür edirəm”.

Rutte əlavə edib ki, digər NATO ölkələrindən də yaxın zamanda “əlamətdar açıqlamalar” gözləyir.

ABŞ Prezidenti Donald Tramp, 14 iyulda Mark Rutte ilə Ağ Evdə keçirdiyi mətbuat konfransında Ukraynaya silah tədarükü barədə razılıq əldə olunduğunu bildirmişdi. Tramp demişdi: “Bu silahları ABŞ istehsal edəcək, NATO müttəfiqləri isə maliyyə yükünü paylaşacaq”.

Rutte isə həmin görüşdə demişdi: “ABŞ-ın Ukraynaya silah vermək qərarı çox vacibdir. Mən Avropa ölkələri ilə bu məsələni müzakirə edəcəyəm və Ukrayna üçün hərbi yardım konteynerləri hazırlanacaq”.

 





05.08.2025    çap et  çap et