Almaniyanın nüfuzlu sosial yardım təşkilatı VdK-nın rəhbəri Verena Bentele bu təklifi qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, əsl həll yolu vergi sistemində ədalətin təmin olunması və yüksək gəlirli şəxslərin daha çox töhfə verməsidir. Bu çərçivədə varlıq vergisinin tətbiqi və sığorta ödənişlərinin yuxarı hədlərinin artırılması da gündəmə gəlib.
Qanuni sağlamlıq sığortalarının çətir qurumu olan GKV-nin sözçüsü Florian Lanz də Merzin təklifinə açıq şəkildə etiraz edib. O, xidmətlərin azaldılması əvəzinə, “xərclərə moratorium” tətbiq olunmasını təklif edir. Bu mexanizm çərçivəsində qiymət və əməkhaqqı artımlarının gəlirlərə uyğun məhdudlaşdırılması nəzərdə tutulur – bu da sığortalıların hüquqlarını məhdudlaşdırmadan maliyyə sabitliyini təmin etməyi hədəfləyir.
Almaniyanın aparıcı sığorta təşkilatlarından olan TK-nın rəhbəri Yens Baas və digər kassaların nümayəndələri, işsizlik müavinəti alanların sağlamlıq sığortası xərclərinin dövlət tərəfindən tam qarşılanmadığını bildiriblər. Onların hesablamalarına görə, bu məsrəflər illik 10 milyard avro təşkil edir və hazırda bu yük işəgötürənlər və digər sığortalıların üzərinə düşür. Baas bu xərclərin vergilər hesabına maliyyələşdirilməsinin daha ədalətli olacağını vurğulayıb.
CSU partiyasından olan siyasətçi Klaus Holetşek Almaniyada fəaliyyət göstərən 94 qanuni sağlamlıq sığortası qurumunun sayının azaldılmasını və bununla idarəetmə xərclərinin minimuma endirilməsini təklif edib. Lakin Yens Baas bu fikirlə razılaşmır. Onun sözlərinə görə, idarəetmə xərcləri ümumi büdcənin cəmi 4 faizini təşkil edir və qurumlar arasında rəqabət, əksinə, məhsuldarlığı artırır. GKV isə bu cür fikirləri əsas struktur problemlərdən diqqəti yayındırmaq üçün irəli sürülən “yalançı həll yolları” kimi qiymətləndirir.