Marsel birinci yerdə
Fransanın cənubundakı Marsel şəhəri siyahının zirvəsində yer alıb. Burada mafiya savaşları, narkotik alveri və tez-tez baş verən silahlı qarşıdurmalar gündəlik həyatın bir hissəsinə çevrilib. Şəhər, həm sakinlər, həm də turistlər üçün təhlükəli zonalardan biri hesab olunur.
Fransanın Qrenobl, Nants və Monpelye şəhərləri ilə yanaşı, Belçikanın Liyej şəhəri də risk zonasında yer alır. Bu bölgələrdə həm sosial gərginlik, həm də mütəşəkkil cinayət hadisələri artmaqdadır.
İngiltərənin şəhərləri diqqət çəkir
İngiltərədən isə Bredford, Koventri və Birmingem kimi şəhərlər yüksək kriminal göstəricilərlə ön plana çıxıb. Sosial bərabərsizlik, gənclər arasında mafiya mədəniyyəti və hüquq-mühafizə orqanlarına olan etimadsızlıq bu şəhərlərdəki əsas problemlər arasındadır.
İtaliya: Camorra və turizm problemi
İtaliyanın Neapol şəhəri, mafioz Camorra təşkilatının təsiri altında olan bölgələr səbəbilə təhlükəli hesab edilir. Venesiya isə fiziki şiddət baxımından təhlükəli olmasa da, nəzarətsiz turizm və infrastrukturdakı çatışmazlıqlar səbəbindən həm sakinlər, həm də turistlər üçün ciddi problemlər yaradır.
Almaniyada vəziyyət necədir?
Almaniya ümumilikdə təhlükəsiz ölkələr arasında göstərilir. Münhen şəhəri 145-ci yerdə qərarlaşaraq ən təhlükəsiz Avropa şəhərləri sırasında yer alıb. Digər alman şəhərləri də siyahının alt bölmələrində yer alaraq nisbətən sabit və nəzarət olunan təhlükəsizlik göstəriciləri ilə fərqlənib.
Turistlər üçün təhlükəsiz ölkələr
Mütəxəssislər Hollandiya, İsveçrə, Norveç və Almaniyanı turistlər üçün ən təhlükəsiz Avropa ölkələri kimi qiymətləndirir. Zürix, Oslo və Stokholm şəhərləri – həm yerli sakinlər, həm də xarici turistlər üçün sabit və təhlükəsiz mühit təqdim edən şəhərlər kimi göstərilir.
Cinayətkarlıq anlayışı və metodologiya
Hazırlanan siyahı, rəsmi polis statistikalarına deyil, “Numbeo Crime Index” adlı beynəlxalq platformada yerli əhalinin təhlükəsizlik hissinə əsaslanır. Bu indeksdə oğurluq, soyğunçuluq, fiziki zorakılıq və ictimai etimad kimi göstəricilər əhalinin subyektiv təəssüratları vasitəsilə toplanır. Nəticələr real həyatdakı təhlükəsizlik hissini əks etdirməsi baxımından ciddi qəbul edilir.