Ancaq Azərbaycana qarşı qərəzli qaralama kampaniyası aparmaq üçün az qala hamı yarışa çıxıb. Yerindən duran hər kəs Azərbaycanı vandalizmdə ittiham edir.
Lakin bir nəfər də olsun obyektiv rusiyalı siyasətçi və ya ekspert tapılmır ki, irəli çıxıb desin ki, "ay ura-patriotlar, bir dayanın, bizim sülhməramlılar o heykəli Xankəndidə Azərbaycan hökuməti ilə razılaşdırmadan, qanunsuz olaraq qoymuşdular və bu gün o heykəli oradan götürmək də Azərbaycanın öz daxili işidir, biz buna əsla qarışmamalıyıq".
Yoxdur belə bir ədalətli, obyektiv rus ki, bax, bu sözləri hayqıraraq desin.
Rusiyanın siyasi elitası özünü karlığa və korluğa vurub. Putinin qorxusundan heç kim həqiqəti demək istəmir.
İqor Korotçenko və Maksim Şevçenko da susur. Çünki Sergey Markovun və Mixail Qusmanın aqibətini yaşamaq istəmirlər.
Bülbülün, Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın heykəllərini güllələyən erməni vandalları isə bu gün Ayvazovskinin büstünə görə Rusiyada yaşanan anti-Azərbaycan isterikasına xaincəsinə sevinirlər.
Beləliklə, əsl vandallar (ermənilər) qalıb bir kənarda, onların yerinə Azərbaycanı qondarma heykələ görə vandalizmdə ittiham edirlər.
Bu, əsl russayağı tragikomediyadır.
Bizim Mədəniyyət Nazirliyi isə Rusiya KİV-lərinin və blogerlərinin apardığı qaralama kampaniyasını neytrallaşdırmaq üçün çevik tədbirlər görməlidir. Məsələn, Azərbaycanı heykəllərə, mədəni irsə qarşı müharibə aparmaqda ittiham edən muzdlu propaqandistləri susdurmaq üçün Bakıda heykəlləri ucaldılan dünyanın görkəmli şəxsləri ilə bağlı slayd-şoular, videoçarxlar hazırlayıb ictimailəşdirmək olar. Həmçinin, əcnəbi jurnalistlər üçün Bakının heykəl dünyası ilə bağlı ekskursiyalar da təşkil edilə bilər.
Yeri gəlmişkən, Bakı postsovet ölkələrinin paytaxt şəhərləri arasında xarici ədiblər, sənət adamları, alimlər və ictimai xadimlərə qoyulan heykəllərin sayına görə ilk sıralarda yer alır.
Bu baxımdan Bakının monumental internasionalizmin (heykəl beynəlmiləlçiliyinin) mərkəzlərindən biri kimi tanınması heç də təsadüfi deyil.
Bu baxımdan, elə "Kaspi" qəzetinin baş redaktoru, jurnalist-bloger Vyaçeslav Sapunovun hazırladığı "Bakının heykəl beynəlmiləlçiliyi" adlı bu fotoqalereya (və ya fotokollaj) da Azərbaycanı vandalizmdə və heykəllərə qarşı müharibə aparmaqda günahlandıran Rusiya və erməni şovinistlərinə, nasistlərinə çox əla cavabdır.
P.S. Yeri gəlmişkən, UNESCO Ayvazovskinin heykəlinə görə Azərbaycanı vandalizmdə ittiham edən Rusiya tərəfinin çığır-bağırına heç bir məhəl qoymur. Başqa sözlə desək, UNESCO susur. Çünki artıq orada da başa düşürlər ki, Rusiya tərəfinin ittihamları cəfəngiyatdır. Bu isə Kremli lap qəzəbləndirir.