Vaxt.Az

“Fibremaxxing” – yeni çılğınlıq


 

Mütəxəssislər xəbərdarlıq edir

“Fibremaxxing” – yeni çılğınlıq “Fibremaxxing” (lif qəbulunu həddindən artıq artırmaq) adlandırılan yeni sağlamlıq trendi “TikTok”, “Instagram” və digər sosial media platformalarında sürətlə yayılır. Lif (posa) qəbulunun sağlam qidalanma üçün vacib olduğu məlumdur. Lakin son dövrlərdə sosial şəbəkələrdə yayılan bu yeni “sağlamlıq çılğınlığı” mütəxəssislərin narahatlığına səbəb olub.

“Westminster” Universitetinin Həyat Elmləri Fakültəsinin baş müəllimi Luis Mattin, “The Conversation” platformasında yayımladığı məqalədə bu tendensiyanı təhlil edib. İngiltərə Milli Səhiyyə Sistemi (NHS) böyüklər üçün gündə ən azı 30 qram lif qəbulunu tövsiyə edir. Uşaqlar və yeniyetmələr üçün isə bu hədd daha aşağıdır. Amma britaniyalıların əksəriyyəti bu göstəriciyə çata bilmir. Mattin-in fikrincə, bu çatışmazlığın əsas səbəblərindən biri odur ki, insanların gündəlik kalori ehtiyacının böyük hissəsi ultra emal olunmuş qidalardan gəlir.

İngiltərədə böyüklərin 54%-i, gənclərin isə 66%-i gündəlik enerjisini bu cür qidalardan alır. Bu məhsullar adətən lif və mikro qida maddələri baxımından kasıb, amma şəkər, duz və zərərli yağlarla zəngindir. Ultra emal olunmuş qidaların artması ilə təbii lifli qidalar süfrədən yox olur. Nəticədə bu, həzm problemləri, çəki artımı və immun sistemin zəifləməsi kimi bir çox sağlamlıq problemini də özü ilə gətirir.

Lif qəbulunun isə bir çox sağlamlıq faydası mövcuddur. Mattinin qeyd etdiyi kimi, lif bağırsaq sağlamlığını dəstəkləyir, qəbizliyin qarşısını alır, 2-ci tip diabet riskini azaldır, qan şəkərinin dəyişkənliyini tənzimləyir, yoğun bağırsaq xərçəngi riskini azaldır və pis xolesterolu (LDL) aşağı salaraq ürək sağlamlığını qoruyur.

Lakin diqqət yetirilməli mühüm bir məqam var: həddindən artıq lif qəbulunun da zərəri ola bilər. Yeni trend olan “fibremaxxing” çərçivəsində bəzi şəxslər gündə 50–100 qram arasında lif qəbulunu müdafiə edirlər. Mütəxəssislərə görə, bu qədər yüksək lif qəbulunun insan bədəni üzərində uzunmüddətli təsirləri hələ lazımi qədər araşdırılmayıb.

Lif qəbulunu bir anda çox artırmaq, xüsusilə kifayət qədər su içilmədikdə, şişkinlik, qarın ağrısı və kramp, qəbizlik, qaz, həmçinin dəmir kimi mikro qida maddələrinin sorulmasının azalması kimi fəsadlara səbəb ola bilər. Bundan başqa, bəzi lif əlavələri və tozları, digər əsas qida maddələrinin (zülal, yağ, karbohidrat) yerini tutduqda, qidalanma balansını poza bilir.

Mattin, sağlam lif qəbuluna nail olmaq üçün aşağıdakı məsləhətləri verir: səhər yeməyində tam taxıllı çörək yemək, meyvələri qabığı ilə birlikdə istehlak etmək, axşam yeməklərinə mərcimək, soğan kimi lifli ərzaqlar əlavə etmək və ara yeməklərdə balqabaq tumu kimi quru yemişlərə üstünlük vermək.

 





05.08.2025    çap et  çap et