Vaxt.Az

Putinlə bağlı gizli iddialar yenidən gündəmdə


 

“Milyonlarla insanın həyatını alan və mənimkindən məhrum edən adam”

Putinlə bağlı gizli iddialar yenidən gündəmdə Rusiya Prezidenti Vladimir Putinin ən kiçik qızı olduğu iddia edilən Yelizaveta Krivonogik sosial mediada yayımladığı sirli paylaşımlarla gündəmə gəlib. Almaniyanın “Bild” qəzetinin yazdığına görə, 22 yaşlı gənc qadın “Art of Luiza” adlı Telegram kanalında bir neçə mesaj paylaşaraq, dolaylı şəkildə “atasını” tənqid edib.

Paylaşımların birində belə yazılıb: “Milyonlarla insanın həyatını alan və mənimkini məhv edən adam.”

Başqa bir paylaşımda, avtomobilin içində çəkdiyi selfi ilə birlikdə bu sözlər yer alır: “Yenidən üzümü dünyaya göstərə bilmək mənim üçün azadlıq oldu. Kim olduğumu və həyatımı kimin məhv etdiyini xatırladır.”

Vaxt.az xəbər verir ki, Krivonogik, sosial mediada əvvəllər açıq profillərlə çıxış etsə də, 2022-ci ildə Ukrayna müharibəsinin başlamasından sonra bütün hesablarını bağlamışdı. Lakin son aylarda yenidən aktivləşdirdiyi platformalarda müharibə əleyhinə mesajları ilə diqqət çəkir.

 

Atalıq məsələsi illərdir müzakirə olunur

 

Yelizaveta Krivonogik, uzun illərdir Putinin keçmiş təmizləyici Svetlana Krivonogiklə münasibətindən doğduğu iddia edilən uşaq kimi təqdim olunur. Svetlana Krivonogikin indi Rusiyanın ən varlı qadınlarından biri olduğu iddiaları da bu şayiələri gücləndirir.

Yelizavetanın doğum şəhadətnaməsində atasının adı qeyd olunmasa da, “Vladimirovna” ata adının qeyd edilməsi onun Vladimir adlı şəxsin qızı olduğunu göstərir.

Krivonogik eyni zamanda “Yelizaveta Oleqovna Rudnova” adı ilə də tanınır. Bu isə onu Putinə yaxın iş adamı Oleg Rudnovla əlaqələndirir. Belə ki, “Oleqovna” – Oleqin qızı deməkdir. Rudnovun 2015-ci ildə vəfat etməsinə baxmayaraq, onun adının Yelizavetaya bağlı olaraq istifadə edilməsi iddia olunur. Həmçinin, Rudnovun Elizavetanın anasına Sankt-Peterburqda əmlak alınması zamanı kömək etdiyi də iddialar arasındadır.

Rusiya lideri Vladimir Putinin rəsmi nikahdan, keçmiş həyat yoldaşı Lyudmila Putina ilə iki qız övladı var. Ancaq onun digər qadınlardan da uşaqları olduğu haqda illərdir dolaşan xəbərlər hələ də rəsmi şəkildə təsdiqlənməyib.

 





05.08.2025    çap et  çap et