Vaxt.Az

Moskvaya qarşı sanksiya qərarı


 

Tramp ABŞ–Rusiya görüşünün nəticəsini gözləyir

Moskvaya qarşı sanksiya qərarı ABŞ Prezidenti Donald Tramp bildirib ki, Moskvada Rusiya rəsmiləri ilə keçiriləcək görüşlərin nəticəsinə əsasən Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalarla bağlı qərar veriləcək.

Prezident Tramp bu açıqlamanı “Ağ Ev”də keçirilən imza mərasimindən sonra jurnalistlərə gündəmlə bağlı danışarkən edib.

Tramp, “Orta Şərq üzrə xüsusi nümayəndə” Stiv Vitkofun çərşənbə günü Moskvada rus tərəfi ilə görüşəcəyini xatırladaraq, bu görüşmələrin nəticəsini gözlədiyini bildirib.

Rusiyaya tətbiq olunacaq sanksiyaların “yüz faiz” olacağı barədə yayılan iddialara cavab verən Tramp deyib: “Heç vaxt faiz olaraq konkret bir rəqəm demədim, amma bu məsələ ilə bağlı kifayət qədər tədbir görəcəyik. Bildiyiniz kimi, sabah (çərşənbə günü) Rusiya ilə bir görüşümüz olacaq. Nələrin baş verəcəyini görəcəyik. O zaman qərarımızı verəcəyik”.

ABŞ Prezidenti, Rusiya–Ukrayna müharibəsinin mümkün qədər tez başa çatmasını istədiyini, lakin bu prosesin göründüyündən daha mürəkkəb olduğunu qeyd edib. O, Hindistan–Pakistan qarşıdurmalarında oynadığı rolu xatırladaraq, bu müharibəni də tezliklə dayandırmaq istədiyini bildirib.

Prezident Tramp, bir müddət öncə atəşkəs və sülh prosesi ilə bağlı konkret addımlar atmamaqda günahlandırdığı Rusiyaya qarşı yaxın zamanda ciddi sanksiyalar tətbiq edəcəyini açıqlamışdı.

 





06.08.2025    çap et  çap et