Vaxt.Az

Son 48 saat


 

ABŞ–Rusiya qarşıdurmasında geri sayım; Trampın qərarı gözlənilir

Son 48 saat Tramp prezidentlik kampaniyası dövründə Rusiyanın 2022-ci ildən bəri davam edən Ukrayna müharibəsini 24 saat ərzində dayandıracağını vəd etmişdi. Lakin müharibə davam edir və bu səbəbdən ilk olaraq məsuliyyətin Ukraynanın üzərində olduğunu bəyan edən Tramp, son günlərdə daha çox Rusiya Prezidenti Vladimir Putini hədəfə almağa başlayıb.

ABŞ Prezidenti əvvəlcə 14 iyulda Rusiyaya 50 günlük bir ultimatum elan etmişdi. Daha sonra isə 28 iyulda bu müddəti 10 günə endirmişdi.

Əgər atəşkəs təmin olunmasa, Tramp Rusiyadan idxal olunan mallara 100% gömrük vergisi tətbiq edəcəyini, Rus nefti və təbii qazı alan ölkələrə də yüksək tariflər tətbiq ediləcəyini açıqlamışdı. Bu qərar xüsusilə Hindistanı hədəf alır. Moskva isə bu ticarət addımının “qanunsuz” olduğunu bildirib.

 

Əsas neft alıcıları: Çin, Hindistan və Türkiyə

 

Rusiya neft və qazının əsas alıcısı Çin olsa da, ikinci yerdə Hindistan, üçüncü yerdə isə Türkiyə gəlir. Avropa Birliyi ölkələri də hələ də Rusiya qazından əhəmiyyətli dərəcədə asılıdır. Ekspertlər hesab edirlər ki, Trampın tətbiq edə biləcəyi bu cəza tədbirləri dünya bazarında proqnozlaşdırılması çətin olan dalğalanmalara, xüsusilə də neft qiymətlərində artıma səbəb ola bilər.

Bu kritik fonunda Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof bu gün Moskvada Rusiya rəsmiləri ilə, o cümlədən Vladimir Putinlə görüşüb. Vitkofun bu, Moskvaya beşinci səfəridir. ABŞ Prezidenti bir gün əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı apararaq Rusiyaya tətbiq ediləcək sanksiyalar barədə müzakirə aparıb və qərarın Vitkofun gətirəcəyi mesajlardan sonra veriləcəyini bildirib.

 

Putindən “hava atəşkəsi” gələ bilər

 

Ukrayna mediasının məlumatına görə, Putin tərəfi müharibəni tam dayandırmağa hələ hazır olmasa da, raket və pilotsuz uçuş aparatları ilə edilən hücumların müvəqqəti dayandırılmasını nəzərdə tutan məhdud “hava atəşkəsi” təklif edə bilər.

Kreml hələlik geriyə addım atmaq niyyətində olmadığını və Rusiyanın yeni sanksiyalarla yaşamağa hazır olduğunu bəyan edir. Bununla belə, ekspertlər hesab edirlər ki, Putin Tramp ilə münasibətlərin daha da gərginləşməsini istəmir və Vitkofla görüşdə yeni təklifləri gündəmə gətirə bilər.

 

İstanbul diplomatiyası və barış masası təşəbbüsü

 

Müharibənin ilk günlərindən etibarən həm Kiyev, həm də Moskva ilə birbaşa əlaqələr saxlayan Türkiyə bu prosesdə vasitəçi ölkə rolunu oynayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Donald Tramp və Vladimir Zelenski arasında “İstanbulda barış masası” təşəbbüsü ilə çıxış edib.

Avqustun 4-də Rusiya cavab addımı ataraq 1987-ci il tarixli Orta və Qısa Mənzilli Raketlərin yerləşdirilməsinə dair birtərəfli moratoriumu ləğv etdiyini açıqlayıb.

Bu qərar 500–5500 km aralığında olan ballistik və qanadlı raketlərin quru bazalı versiyalarının qadağan olunmasını nəzərdə tutan “Orta Mənzilli Nüvə Qüvvələri Anlaşması”ndan (INF) faktiki olaraq tam çıxış deməkdir.

Qeyd edək ki, Tramp prezidentliyinin birinci dövründə Rusiyanın müqaviləyə əməl etmədiyini əsas gətirərək 2019-cu ildə INF-dən çıxmışdı.

Rusiya Xarici İşlər Nazirliyi bu qərarın səbəbi kimi “Avropa NATO ölkələrinin ABŞ raketlərini ərazisində yerləşdirməyə və Ukraynaya verməyə hazırlaşması”nı göstərib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev isə bu qərarı sosial şəbəkədə belə şərh edib: “Bu, bütün rəqiblərimizin nəzərə almalı olduğu yeni reallıqdır. Davamı gələcək”.

 





06.08.2025    çap et  çap et