Serqey Mixalkovun 2 oğlu Nikita Mixalkov və Andrey Konçalovski (familiyaları fərqli olsa da qarlaşdırlar) son 40 ildə atalarından aldıqları genlərə görə həm SSRİ, həm də Rusiya dönəmində hakimiyyətlə öz maraqlarına cavab verən ünsiyyət qurmağı bacarıblar. Düzdür, arada Andrey müxalifətçi donuna da girmişdi.
Nikita Mixalkovun nə qədər yaramaz, satqın, öz maraqlarına görə ən yaxın dostlarını, kolleqalarını tapdalamağa qadir olduğu barədə onu yaxşı tanıyan, vaxtilə onunla dost olmuş, birgə filmlər çəkmiş rəhmətlik Rüstəm İbrahimbəyov danışırdı. Ədalət naminə onun istedadını danmaq da olmaz. Ancaq bir şey də məlumdur ki, ən böyük yaramazlığı etməyi də məhz şərə, ancaq öz maraqlarına qulluq edən istedad sahibləri bacarırlar. N.Mixalkovun avqustun 1-də 1 saat 1 dəqiqə 8 saniyə davam edən verilişinin başdan ayağa dini, irqi, milli ayrıseçkilik, etnik düşmənçilik məqsədi daşıdığını görməmək mümkün deyil. Bu verilişdə tək Azərbaycan xalqı bərabər vaxtilə Rusiya imperiyası tərəfindən torpaqları işğal olunmuş, bu gün Rusiya dövlətində yaşayıb, oranın vətəndaşları olan digər xalqlar da aşağılanır. Veriliş boyu bu aşağılamadan özünün də dediyi kimi ləzzət aldığını görməmək də mümkün deyil. Özü də bu fikir o qədər hiyləgər formada təqdim olunur ki, sadəlövh insanlar qatı millətçi, imperiya xülyası ilə yaşayan Nikitanı bütün dinləri, millətləri sevən biri kimi də qəbul edə bilərlər. Filmin məqsədi Putinə yarınmaq üçün rəhmətlik Heydər Əliyev və Prezident İlham Əliyevə ayrılmış bir neçə saniyədir. Elə həmin saniyələrdə deyilmiş fikirlər də bir daha N.Mixalkovun nə qədər murdar insan olduğunu göstərir.
Azərbaycan xalqını aşağılamağa yönəlmiş bu filmə daha çox vaxt ayıra bilərdik. Ancaq Nikitanı daha yaxşı tanıyan, onunla oturub-duran çoxları var. Onlar danışsalar daha yaxşı olar. Xüsusilə, Rusiyanı Vətən sayan, Azərbaycanda isə özünü bu millətin fədaisi kimi təqdim etməyə çalışan putinkaların fikir bildirməsi çox maraqlı olardı.
P.S. Nikita Mixalkovun "Jmurki" filmində canlandırdığı obraz, elə onun əsl sımasıdır.