Vaxt.Az

Sanksiya təhlükəsi neft dirildir


 

Qara qızıl beş günlük ucuzlaşma seriyasına son qoydu

Sanksiya təhlükəsi neft dirildir Neft qiymətləri cümə axşamı artaraq ardıcıl beş gün davam edən ucuzlaşma seriyasını başa çatdırıb.

Vaxt.az xəbər verir ki, bu yüksəlişə səbəb kimi dünyanın ən böyük neft istehlakçısı sayılan ABŞ-da tələbin sabit olduğuna dair siqnallar göstərilir. Bununla yanaşı, ABŞ ilə Rusiya arasında Ukrayna müharibəsinə dair mümkün görüş ehtimalı, əlavə sanksiyaların doğura biləcəyi təchizat riskləri ilə bağlı narahatlıqları qismən azaldıb.

“Brent” markalı xam neftin fyuçers qiymətləri 0,3 faiz artaraq 67,09 dollaradək yüksəlib. ABŞ-ın Qərbi Texas Nefti (“WTI”) isə 0,3 faiz bahalaşaraq 64,57 dollara satılıb.

Hər iki neft növü çərşənbə günü təxminən 1 faiz ucuzlaşaraq son səkkiz həftənin ən aşağı həddinə düşmüşdü. Bu geriləmə, ABŞ Prezidenti Donald Trampın Moskva ilə aparılan danışıqlarda irəliləyiş əldə olunduğuna dair açıqlamalarından sonra baş verib.

Ağ Ev-dən bir vəzifəli şəxs Trampın gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə görüşə biləcəyini bildirib. Eyni zamanda, ABŞ-ın – Çin daxil olmaqla – Moskvanı Ukraynadakı müharibəni dayandırmağa məcbur etmək məqsədilə ikinci dərəcəli sanksiyalara hazırlaşdığı qeyd olunub.

Azərbaycan brendi “Azeri Light” neftinin bir barelinin qiyməti hazırda 75,00 ABŞ dolları səviyyəsində qərarlaşıb.

 





07.08.2025    çap et  çap et