Vaxt.Az

Böyük sədd rifində rekord itki


 

“Kosmosdan görünən yeganə canlı” yox olmaq üzrədir

Böyük sədd rifində rekord itki Avstraliya sahillərində yerləşən və “kosmosdan görünən yeganə canlı” kimi tanınan Böyük Sədd Rifi ötən il son 39 ilin ən böyük məhv olma prosesi ilə üzləşib.

Avstraliya Dəniz Elmləri İnstitutu tərəfindən yayımlanan son hesabatda, rifin şimal və cənub bölgələrində kütləvi mərcan itkilərinin qeydə alındığı bildirilir. Bu, 1985-ci ildən bəri aparılan müşahidələrdə ən yüksək göstərici hesab olunur.

 

Mərcanlar ağarır, riflər məhv olur

 

Mütəxəssislər, Böyük Sədd Rifinin ən genişmiqyaslı mərcan ağarması ilə qarşı-qarşıya olduğunu bildirirlər. Qeyd olunur ki, riflər son aylarda həm tropik siklonlar, həm də tikanlı dəniz ulduzlarının sürətlə çoxalması nəticəsində ciddi ziyan görüb.

 

Lakin əsas təhlükə mənbəyi olaraq iqlim dəyişikliyinin yaratdığı istilik artımı göstərilir. Normalda rəngarəng görünən mərcanlar, dəniz suyunun temperaturu artdıqda ağarır və üzərindəki bioloji həyat sıradan çıxır.

 

Yalnız balıqlar üçün deyil – sahillər üçün də sipərdir

 

Mərcan rifləri yalnız dəniz canlılarının yaşadığı bir mühit deyil, həm də sahilləri fırtına və sellərdən qoruyan təbii baryerlərdir. Bu riflər həmçinin balıqçılıq və turizm baxımından da mühüm iqtisadi əhəmiyyətə malikdir.

Təhlükə altına düşən riflər arasında yer alan Böyük Sədd Rifi, təxminən 2 min endemik balıq növünü özündə cəmləyir. Dünyanın ən böyük canlı ekosistemi olan bu rif sistemi 2 400 kilometr boyunca uzanır, 2 900 ayrı-ayrı rif və 900 adanı əhatə edir.

 

UNESCO hələ də “təhlükə altındakı irs” kimi tanımayıb

 

1981-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Böyük sədd rifi, Birləşmiş Millətlər Təşkilatının tövsiyəsinə baxmayaraq, hələ də “təhlükə altındakı dünya irsi” kimi rəsmi olaraq tanınmayıb.

Rifin bu statusa salınması halında Avstraliyanın turizm gəlirlərinin azalacağı qorxusu ilə ölkə hökuməti beynəlxalq lobbi fəaliyyətinə üstünlük verir.

 





07.08.2025    çap et  çap et