“NHK” telekanalının yaydığı məlumata görə, insident avqustun 7-də, yerli vaxtla saat 12:34 radələrində İbaraki prefekturasının sahillərində baş verib. Təyyarə Hiyakuri Hava Bazasından havaya qalxdıqdan sonra planlaşdırılmış təlim uçuşunu həyata keçirirmiş.
Yaponiya Özünümüdafiə Qüvvələrinin məlumatına əsasən, pilot uçuş zamanı qəfil texniki nasazlıqla üzləşib. Təyyarənin idarəetməsini itirən pilot katapult mexanizmini işə salaraq özünü fırladıb və “UH-60J” tipli hərbi-xilasetmə helikopteri vasitəsilə qısa müddətdə sudan çıxarılıb. Xilasedicilər onu dərhal xəstəxanaya çatdırıblar. Pilotun həyati təhlükəsinin olmadığı bildirilir.
Qəzaya uğrayan təyyarənin Hiyakuri Hava Bazasına məxsus olduğu və bu bazanın mütəmadi olaraq Yaponiya hava məkanının müdafiəsinə cavabdeh olduğu qeyd olunub. Hazırda insidentin dəqiq səbəbləri müəyyənləşdirilməkdədir. Hadisə ilə bağlı genişmiqyaslı texniki və təhlükəsizlik araşdırmasına start verilib.
Yaponiya Müdafiə Nazirliyi bildirib ki, insident zamanı bölgədəki dəniz nəqliyyatına və mülki infrastruktura hər hansı zərər dəyməyib. Bununla belə, yaxın ərazidə hərəkət edən gəmilərə müvəqqəti xəbərdarlıq edilib və sualtı axtarış işlərinə başlanılıb.
Qeyd edək ki, “F-2A” təyyarələri Yaponiyanın “Mitsubishi” şirkəti ilə ABŞ-ın “Lockheed Martin” şirkətinin birgə istehsalıdır və bu təyyarələr əsasən hava hücumundan müdafiə və təlim məqsədilə istifadə olunur.