Vaxt.az xəbər verir ki, avqustun 1-də Passau şəhərində yerləşən “Netto” supermarketlər şəbəkəsinin bir mağazasında iki kişi müştəri kassadan keçmədən mağazanı tərk etməyə çalışıb. Kassir onların daşıdığı çantaların içərisində qəhvə dolu paketləri görüb və müdaxilə etmək istəyib. Oğrular dərhal hadisə yerindən qaçıblar. Yüzlərlə avro dəyərində məhsul isə tələsik tərk edilən çantalarda qalıb.
Eyni günün axşam saatlarında Passau şəhərindən təxminən 40 kilometr aralıda yerləşən Hauzenberqdə oxşar hadisə yaşanıb. Bu dəfə iki kişi və bir qadın çantalara qəhvə yığıb, lakin mağazanı çantasız tərk etməyə çalışdıqları üçün personal tərəfindən saxlanılıblar. Oğrular yenə də qaçmağı bacarıb. Polis hadisə yerində bəzi məhsulları tapsa da, ümumilikdə 15 paket qəhvə oğurlanmış hesab olunur.
Oğurluq zənciri – 5 rəqəmli itki
Baş verən hadisələrdən sonra bölgədəki digər “Netto” mağazaları da yoxlamaya başlayıb. Nəticədə “Windorf” şöbəsində 50-yə yaxın qəhvə paketi – təxminən 1000 avro dəyərində – çatışmayıb. “Eging am See” şöbəsində isə əvvəlcə 64 paket çatışmazlıq aşkar edilib, daha sonra aparılan ətraflı hesabatla ümumi ziyanın beşrəqəmli avro məbləğində olduğu bildirilib.
Polisin ilkin araşdırmasına görə, məhsullar əsas giriş qapısından çıxarılıb. Hadisə Almaniyada sürətlə bahalaşan qəhvə bazarına da diqqəti yönəldib.
2024-cü ilin may ayında Münhendəki “Edeka” mağazasında “Dallmayr Prodomo” markalı yarım kiloluq qəhvə paketi 9,79 avroya satılıb. Kampaniya qiyməti isə 6,99 avro olub. Almaniya Statistika İdarəsinin məlumatına görə, yalnız 2024-cü ilin aprelində qəhvənin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb. 2021-ci illə müqayisədə isə qiymət artımı 30 faizə çatıb. Bahalaşmanın əsas səbəbi Braziliyadakı quraqlıq və qlobal bazarlardakı tədarük problemləri göstərilir.
Marketlərdə “qəhvə rejimi”
Qəhvə, həm kiçik ölçülü, həm də yüksək dəyərli məhsul olduğuna görə oğrular üçün daha da cəlbedici olub. Təkcə 2024-cü ildə Bavariyada baş verən mağaza oğurluqları ölkə büdcəsinə 380 milyon avro ziyan vurub.
Bir sıra supermarketlər bu vəziyyətə qarşı sərt tədbirlər görməyə başlayıb. Məsələn, Berlindəki bəzi mağazalarda qəhvə yalnız siqaret və bahalı içkilərlə yanaşı, xüsusi qutularda saxlanılır. Bəzi hallarda isə rəflərdə yalnız məhsulun şəkli nümayiş olunur – qəhvəni almaq üçün alıcı personaldan istəməlidir.
Bavariya polisi hadisələrlə bağlı araşdırma aparır. Təhlükəsizlik kamerası görüntüləri və şahid ifadələri əsasında cinayətkarların kimliyi müəyyənləşdirilməyə çalışılır.