Vaxt.Az

“WhatsApp”da 7 milyona yaxın hesab silindi


 

“Meta”dan kritik qərar

“WhatsApp”da 7 milyona yaxın hesab silindi “Meta” “WhatsApp”da artan fırıldaqçılıq hallarına qarşı istifadəçi təhlükəsizliyini gücləndirmək üçün yeni tədbirlər görməyə başlayıb. Şirkətin 2025-ci ilin ilk yarısına dair açıqladığı statistikaya görə, bu dövrdə fırıldaqçılıqla əlaqəli olduğu müəyyən edilən 7 milyona yaxın hesab platformadan silinib.

“Meta”nın məlumatına görə, silinən hesabların əksəriyyəti saxta sərmayə təklifləri, kriptovalyuta fırıldaqları və “phishing” (fişinq) üsulları ilə istifadəçiləri hədəfə alırdı. Bu hallar xüsusilə təşkilatlanmış cinayət qruplarının strategiyalarında əsas yer tutur.

“WhatsApp”da istifadəçiləri bu cür hallardan qorumaq məqsədilə bir sıra yeni təhlükəsizlik mexanizmləri tətbiq olunur. Bunlardan biri “qrup dəvəti zamanı təhlükəsizlik xülasəsi”dir. İndi tanımadığınız biri sizi qrupa əlavə etdikdə, platforma sizi əvvəlcədən xəbərdar edəcək. Açılan təhlükəsizlik pəncərəsində həmin qrupun kim tərəfindən yaradıldığı, neçə iştirakçının olduğu və əvvəllər şikayət olunmuş paylaşımlar olub-olmaması göstəriləcək. Beləliklə, istifadəçi şübhəli qrupa qoşulmazdan əvvəl məlumatlı qərar verə biləcək.

Digər bir yenilik isə şübhəli mesajlara qarşı erkən xəbərdarlıq sistemidir. Artıq kontakt siyahınızda olmayan bir nəfər sizə mesaj göndərdikdə, “WhatsApp” söhbət başlamamışdan əvvəl xəbərdarlıq göstərəcək. Bu sistem, mesaj göndərənin kim olduğunu bildirərək və ehtiyatlı olmağa çağıraraq istifadəçiləri potensial risklərdən qorumağa yönəlib.

“Meta” həmçinin istifadəçilərə birbaşa müraciət edərək, “Tanımadığınız şəxslərdən gələn keçidlərə tıklamayın, şəxsi məlumatlarınızı paylaşmayın” çağırışı edib. Şirkət bildirir ki, təkcə texniki həllərlə deyil, həm də istifadəçiləri maarifləndirməklə fırıldaqçılıqla mübarizə aparmaq mümkündür.

Görülən yeni tədbirlər həm fərdi, həm də qrup səviyyəsində təhlükəsizliyi artırmağa xidmət edir. “WhatsApp” platforması, dolandırıcılıq şəbəkələrinə qarşı mübarizədə daha sərt və sistemli yanaşma sərgilədiyini nümayiş etdirir.

 





07.08.2025    çap et  çap et