Vaxt.Az

Berlində fahişələrin sayı sürətlə artır


 

Almaniyada 75 ölkədən gələn qadınlar seks işçisi kimi qeydiyyata düşüb

Berlində fahişələrin sayı sürətlə artır Almaniyanın paytaxtı Berlində seks işçilərinin rəsmi sayı son bir il ərzində təxminən 50 faiz artaraq 1950 nəfərə çatıb. Bu artım tendensiyası yerli hakimiyyətin və ictimai institutların diqqətini cəlb edib. Məlumat “Berlin Sosial İşlər İdarəsi”nin AfD partiyasından olan bir deputatın sorğusuna cavabında ortaya çıxıb.

Rəqəmlər 2025-ci ilin iyun ayının sonuna aiddir. Cəmi bir il əvvəl, 2024-cü il mayın 31-nə olan statistikaya görə şəhərdə yalnız 1270 nəfər qeydiyyatdan keçmişdi. Beləliklə, Berlində rəsmi şəkildə qeydiyyatda olan seks işçilərinin sayı 12 ayda təxminən 680 nəfər artıb.

 

Rəsmi statistika real mənzərəni tam əks etdirmir

 

“Berlin Sosial İşlər İdarəsi”nin nümayəndələri bildiriblər ki, təqdim olunan statistika yalnız qeydiyyatda olanları əhatə edir. Real rəqəmlərin daha yüksək olduğu ehtimal olunur, çünki sektorda çalışanların bir qismi rəsmi qeydiyyatdan yayınmağa üstünlük verir.

Seks işçilərinin əksəriyyəti öz peşələrini “seks işçiliyi” kimi təqdim edir və “fahişəlik” terminindən imtina edirlər. Bunun səbəbi isə “fahişəlik” sözünün mənfi mənalar daşımasıdır.

 

Ən çox seks işçisi Almaniya, Rumıniya və Ukrayna vətəndaşlarıdır

 

2025-ci ilin iyun məlumatına əsasən, qeydiyyatda olan seks işçiləri 75 müxtəlif ölkədən gəlmiş şəxslərdir. Onların içində 691 nəfəri Almaniya vətəndaşları, 243 nəfəri Rumıniya, 190 nəfəri Ukrayna, 160 nəfəri Bolqarıstan və 92 nəfəri isə Polşa vətəndaşları təşkil edir.

Şəhərdə seks işçilərinə sosial dəstək və məsləhət xidmətləri göstərən müxtəlif qurumlar fəaliyyət göstərir. Bunlar arasında Kurfürstenştrassedə yerləşən, narkotik maddələrdən asılı qadınlara və seks işçilərinə yardım göstərən “Frauentreff Olga” mərkəzi və eyni zamanda məsləhət və sosial yardım təklif edən “Hydra” adlı təşkilat xüsusilə fərqlənir. “Hydra” həm də kafe funksiyası daşıyır.

Bu dəstək mərkəzləri sosial risk qrupuna daxil olan qadınların hüquqlarının qorunması və insan alverinin qarşısının alınması baxımından əhəmiyyətli rol oynayır.

 





07.08.2025    çap et  çap et